Noyabrın 25-də Azərbaycan Milli Xalça Muzeyində “Kəlağayının yeni hekayəsi” layihəsinin təqdimatı keçiriləcək.

Muzeydən bildirilib ki, tədbir Azərbaycan kəlağayısının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsinin 11-ci ildönümünə həsr olunub.

Layihə çərçivəsində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “CİZGİ” brendinin yaradıcısı, dizayner Gülnarə Xəlilovanın “İpəyin sehri” geyim kolleksiyası nümayiş etdiriləcək. Gülnarə Xəlilovanın yeni kolleksiyası kəlağayının dərin mənalarını müasir moda dilinin incə estetikası ilə birləşdirərək ipəyin parlaq və poetik çalarlarını üzə çıxarır. 

Həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçilmiş tarixi və müasir kəlağayılar təqdim olunacaq, muzeyin əməkdaşları tərəfindən kəlağayının hazırlanması üzrə ustad dərsi keçiriləcək.

Kəlağayının əsrlər boyu daşıdığı ruhu bu günün yaradıcı enerjisi, estetik baxışı və düşüncə tərzi ilə harmonik şəkildə bir araya gətirən təqdimat qədim irsimizin yalnız keçmişə aid mədəni miras deyil, daim inkişaf edən, yeni məna qazanan sənət dili olduğunu bir daha göstərəcək.

Təqdimat Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və “Gulnara Khalilova” moda evinin əməkdaşlığı ilə gerçəkləşəcək.