Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işlərinə başlanılıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumata görə, bu məqsədlə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri Naxçıvan Muxtar Respublikasına ezam edilib.
Pasportlaşdırılacaq abidələr arasında Naxçıvan şəhərində yerləşən Möminə xatın (1186-1187) və Yusif Küseyir oğlu (1161-1162) türbələri, İsmayılxan hamamı (XVIII əsr), Ordubad şəhərindəki Buzxana, Cümə məscidi və mədrəsə (XVIII əsr), Culfa rayonunda Gülüstan türbəsi (XIII əsr) və Xanəgah memarlıq kompleksi, Kəngərli rayonunda Qarabağlar Memarlıq Kompleksi (XII-XIV əsrlər) kimi dünya və ölkə əhəmiyyətli memarlıq nümunələri də yer alır.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2025-ci il 8 iyul tarixli Qərarı ilə “Daşınmaz abidələrin pasportlaşdırılması Qaydaları” və “Daşınmaz abidələrin pasportunun nümunəvi forması” təsdiqlənib. Qərara uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla təsdiqlənmiş yeni forma əsasında Naxçıvan MR ərazisində yerləşən 50 tarix və mədəniyyət abidəsinin pasportu hazırlanacaq.
























