Tarixdəki olaylar

 

21 noyabr “Dünya televiziya günü” kimi qeyd olunur. 1996-cı il noyabrın 21-də BMT-də ilk dəfə Dünya Televiziya Forumu keçirilib. Həmin hadisə ilə bağlı BMT Baş Assambleyası tərəfindən (17 dekabr 1996) bu gün təsis edilib.

 

21 noyabr 1992 – Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirilib. Təsis konfransında partiyanın məramnamə və nizamnaməsi qəbul olunub, rəhbər orqanları seçilib. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev YAP-ın sədri seçilib.

 

21 noyabr 2002 –  NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) Praqa (Çexiya) sammitində yeddi ölkənin – Rumıniya, Bolqarıstan, Slovakiya, Sloveniya, Litva, Latviya və Estoniyanın alyansa dəvət olunması barədə qərar qəbul edilib. Sözügedən ölkələr 2004-cü ilin aprelində NATO-ya tamhüquqlu üzv oldular. Bu, SSRİ-nin süqutu və sosializm düşərgəsinin dağılmasından sonra alyansın Şərqə doğru ikinci genişlənməsi (1999-cu ildə Çexiya, Polşa, Macarıstan NATO-ya daxil olmuşdu) idi.

 

21 noyabr 2008 – İstanbulda Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlament nümayəndə heyətlərinin görüşünün yekunu olaraq Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) təsis edilib. İmzalanan birgə bəyannamənin digər türkdilli dövlətlər üçün açıq olduğu elan edilib. TürkPA-nın təşkili ilə bağlı məsələlərin 2009-cu ildə Bakıda keçiriləcək toplantıda həll olunması qərara alınıb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

21 noyabr 1694 – Fransız şairi, mütəfəkkiri və tarixçisi Fransua-Mari Volter (Fransua-Mari Arue François-Marie Arouet; 1694 – 30.5.1778) anadan olub. Əsərləri: “Edip”, “Brut”, “Zaira”, “Sezar” tragediyaları, “Mikromeqas”, “Kandid” fəlsəfi romanları və s.

 

21 noyabr 1898 – Belçika sürrealist rəssamı Rene Fransua Gislen Magritt (René François Ghislain Magritte; 1898 – 15.8.1967) anadan olub.

 

21 noyabr 1926 – Ədəbiyyatşünas, yazıçı-publisist Nadir İsmayıl oğlu Vəlixanov (1926–1995) Şuşada anadan olub. Uşaq və yeniyetmələr üçün əsərlərin müəllifidir.

 

21 noyabr 2020 – Xalq artisti Əjdər Qüdrət oğlu Həmidov (28.9.1953 – 2020) vəfat edib. Sumqayıt teatrında çalışıb, 1990-cı ildən Akademik Milli Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.

Hazırladı: Vüqar Orxan