Noyabrın 20-də Ankarda, Adnan Ötüken Xalq Kitabxanasında İqtisadi Əməkdaşlıq Təşkilatına (Economic Cooperation Organization – ECO) üzv ölkələrin Milli Kitabxana rəhbərlərinin VII Konfransı keçirilib.

Bu barədə Azərbaycan Milli Kitabxanasından məlumat verilib. 

Toplantı həm ənənə, həm də müasir rəqəmsal transformasiya tendensiyalarının bir araya gətirilməsi baxımından mühüm tədbir kimi dəyərləndirilib. Tədbirdə ECO-ya üzv ölkələrin – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, İran, Əfqanıstan, eləcə də müşahidəçi statusunda Şimali Kipr Türk Cümhuriyyətinin təmsilçiləri çıxış ediblər. Rəqəmsal layihələr, milli-mədəni irsin qorunması sahəsində görülən işlər və qarşılıqlı əməkdaşlıq imkanları barədə məlumat təqdim edilib.

Konfransın birləşmiş sessiyalarda milli kitabxanaların rəqəmsal infrastrukturunun inkişafı, məlumatların təhlükəsiz saxlanılması və açıq giriş imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlar haqqında təqdimatlar olub. Rəqəmsal savadlılığın artırılması, kitabxanaçıların peşəkar hazırlığı, işçi mübadiləsinin təşkili və regional təlim proqramlarının genişləndirilməsi mövzuları üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov “Azərbaycan Milli Kitabxanası – rəqəmsal layihələr” mövzusunda məruzə və təqdimatla çıxış edib.

O, Milli Kitabxananın son illərdə həyata keçirdiyi “Elektron musiqi kitabxanası”, “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi əsasında hazırlanan “Azərbaycan əlyazmaları dünya kitabxanalarında”, həmçinin əlamətdar və tarixi hadisələr mövzularında hazırlanan tammətnli elektron məlumat bazaları haqqında danışıb, mədəni irsin gələcək nəsillərə çatdırılmasında rəqəmsallaşdırmanın xüsusi əhəmiyyətini qeyd edib. Direktor mədəni irs nümunələrimizin dünyada təbliği məqsədilə Azərbaycan Milli Kitabxanasının həyata keçirdiyi rəqəmsal layihələr barədə də məlumat verib.

Sessiyaların yekununda İƏT Nizamnaməsinin 12-ci maddəsinə əsasən Rəqəmsal infrastruktur, Qoruma, İctimai iştirak və Maliyyələşmə üzrə dörd ixtisaslaşmış alt komitənin yaradılması barədə qərar qəbul edilib. Bu komitələrin tərkibinin müəyyənləşdirilməsi üzv ölkələrlə əlavə koordinasiya aparıldıqdan sonra yekunlaşdırılacaq.

Günün sonunda görüşün nəticələri ümumiləşdirilərək “Ankara Bəyannaməsi 2025” sənədinin layihəsi üzərində razılıq əldə olunub və 2025–2027-ci illər üçün Şuranın yeni sədri və katibliyi seçilib. Tədbir İƏT ölkələri arasında mədəni və elmi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi dəyərləndirilib.