"İRS" beynəlxalq jurnalının nəşrlər silsiləsindən olan “Daşları toplama zamanı” kitabının Ankarada təqdimatı keçirilib.
Azərbaycanın Milli Dirçəliş Günü (17 noyabr) münasibətilə ölkəmizin Türkiyədəki səfirliyinin və Ankara Qazi Universitetinin birgə təşəbbüsü ilə təşkil edilən tədbirdə diplomatlar, professor-müəllim heyəti, tələbələr, qardaş ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Qazi Universitetinin prorektoru Necdet Hayta, "İRS" beynəlxalq jurnalının baş redaktoru Musa Mərcanlı, nəşrin ərsəyə gəlməsinə dəstək verən “Paşa Həyat Sığorta” ASC-nin idarə heyətinin sədri Ülviyyə Cabbarova, Qazi Universitetinin Türk Dünyası Araşdırma Mərkəzinin rəhbəri Bülent Aksoy və tarixçi Selçuk Karakılıç çıxış ediblər.
Natiqlər “Daşları toplama zamanı” kitabında geniş işıqlandırılan Qərbi Azərbaycan tarixi, doğma torpaqlarından zorla çıxarılan yüz minlərlə soydaşımızın yaşadığı faciələr, həmçinin Azərbaycanın tarixi və mədəni irsinin erməni vandalizminə məruz qalması barədə ətraflı söz açıblar.
Tədbirin sonunda kitabın nüsxələri Qazi Universitetinə və tədbir iştirakçılarına hədiyyə edilib.
***
Qeyd edək ki, “İRS” silsiləsindən nəşr olunan “Daşları toplamaq vaxtıdır” kitabı indiki Ermənistan ərazisində qalan Qərbi Azərbaycanın çoxəsrlik tarixinə, mədəni irsinə həsr olunub. Dörd dildə (Azərbaycan, ingilis, rus, türk), nəfis tərtibat və mükəmməl poliqrafiyada işıq üzü görən kitabda tarixi foto və illüstrasiyalarla yanaşı, yeni fotosənədlər – “İRS” Nəşriyyat Evinin sifarişi ilə əcnəbi fotoqrafların Ermənistanda çəkdikləri və Qərbi Azərbaycan irsini əks etdirən şəkillər də yer alıb.
“Daşları toplamaq vaxtıdır” kitabının Azərbaycan-rus və Azərbaycan-ingilis cildlərinin təqdimatı bu ilin iyul ayında Bakıda keçirilmişdi.


























