Tarixdəki olaylar
19 noyabr 1918 – Azərbaycan Milli Şurasının Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Cümhuriyyət Parlamentinin (Müəssislər Məclisi) çağırılması barədə qərar qəbul edilib. Parlamentin 120 deputatdan ibarət olması qərara alınıb: 80 yer müsəlman (azərbaycanlı) əhaliyə, 21 yer erməni əhalisinə, 10 yer ruslara, 4 yer milli azlıqlara (alman, yəhudi, gürcü, polyak), 5 yer neft sənayeçiləri və həmkarlar ittifaqlarına ayrılıb. Qərara əsasən, müsəlman fraksiyasının 44 nəfərini Milli Şuranın üzvləri təşkil etməli, 36 deputat əlavə olaraq şəhər və qəzalardan seçilməli idi. Parlament 7 dekabrda fəaliyyətə başladı.
19 noyabr 1999 – İstanbulda ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının sammiti başa çatıb. Sammitin yekunlarına dair "İstanbul Bəyannaməsi", "Avropada adi silahlı qüvvələr haqqında Müqavilə"nin adaptasiya olunmuş variantı, Avropa Təhlükəsizliyi Xartiyası qəbul olunub. Prezident Heydər Əliyev toplantıda çıxış edib, sammitin sənədlərini imzalayıb. İstanbul sammiti ATƏT-in dövlət və hökumət başçıları səviyyəsində son toplantısı oldu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
19 noyabr 1528 – İntibah dövrünün italyan rəssamı Paolo Veroneze (Paolo Veronese-Cagliari; 1528 – 19.4.1588) anadan olub.
19 noyabr 1900 – Alman yazıçısı, incəsənət və ədəbiyyat nəzəriyyəçisi Anna Zegers (Anna Seghers – əsl adı Netty Reiling; 1900 – 1.6.1983) anadan olub. Əsərləri: “Fevralda yol”, “Ölmüş qızların gəzintisi”, “Dar ağacında işıq” və s.
19 noyabr 1903 – Məşhur baletmeyster və pedaqoq, SSRİ Xalq artisti Asaf Mixayloviç Messerer (1903 – 7.3.1992) anadan olub.
19 noyabr 1907 – Xalq artisti Kseniya Lvovna Babiçeva (1907 – 16.6.1984) anadan olub. 1938-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib.
19 noyabr 1915 – Bəstəkar, tarzən Hökümə Yusif qızı Nəcəfova (1915–2002) Bakıda anadan olub. “Kaş ki gözəl olmayaydım”, “Ceyran balası” və s. populyar mahnıların müəllifidir.
19 noyabr 1934 – Tanınmış arxeoloq, tarix üzrə fəlsəfə doktoru, Qobustan abidələrinin tədqiqatçısı Firuzə Məmmədrza qızı Muradova (1934 – 16.1.2024) Bakıda anadan olub.
19 noyabr 1935 – Dilçi alim, AMEA-nın müxbir üzvü Zemfira Nadir qızı Verdiyeva (1935 – 8.11.2010) anadan olub. German dilləri üzrə elmlər doktoru olmuş ilk azərbaycanlı alimdir. Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) rektoru olub.
19 noyabr 1946 – Populyar müğənni Hüseynağa Məmməd oğlu Hadıyev (1946 – 12.1.1994) Bakıda doğulub. “Dan ulduzu” ansamblının solisti olub.
19 noyabr 2022 – Əməkdar mədəniyyət işçisi, teatr xadimi Natiq Məmməd oğlu Gülməmmədov (10.6.1955 – 2022) vəfat edib.
Hazırladı: Vüqar Orxan























