Müasir Azərbaycan təsviri sənətində hər bir fırça ustasının öz dəst-xətti, öz rəng yaddaşı, öz baxışı var. Elə sənətkarlar var ki, onların əsərlərinə baxarkən sanki zaman dayanır, rənglər danışır, sükut dərin bir fəlsəfəyə çevrilir. Belə rəssamlardan biri də Tahir Şıxəliyevdir. Onun yaradıcılığı rənglərin təkcə estetik yox, həm də mənəvi, simvolik mahiyyət daşıdığı bir bədii aləmdir.

Tahir Kərim oğlu Şıxəliyev 1959-cu ildə Bakıda, İçərişəhərdə dünyaya göz açıb, tarixlə nəfəs alan bir mühitdə böyüyüb. Qız qalasının sakit heybəti, Şirvanşahlar sarayının zərif memarlığı, dolanbac daş küçələrin sükutu onun yaddaşında rənglərdən toxunmuş poetik bir dünya yaradıb. Elə bu qədimlik və müdriklik dolu mühit onun gələcək yaradıcılığının təməlini formalaşdırıb. Rəssamın əsərlərində hiss edilən o xüsusi şəhər duyumu məhz uşaqlıq illərindən qalan yaddaşın bədii davamıdır desək, yanılmarıq.

Kiçik yaşlarından rəssamlığa marağı oyanan Tahir Şıxəliyevə ailəsi bu yolda dəstək olub. O, öncə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, sonra Tbilisi Dövlət İncəsənət Akademiyasında təhsil alaraq sənətin sirlərinə dərindən bələd olub. Məhz Tbilisi dövrü Tahir Şıxəliyevin rəng duyumuna yeni nəfəs gətirib, onun yaradıcılığında qrafik təfəkkürün dərinləşməsinə şərait yaradıb. Bakı və Tbilisi – bu iki qədim şəhər onun yaradıcılığında bir-birinə qovuşaraq sintez təşkil edir.

Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Tahir Şıxəliyevin yaradıcılığı təkcə rənglərin gözəlliyinə əsaslanmır. Daha çox mürəkkəb çoxfiqurlu kompozisiyalar yaradan rəssamın əsərləri öz ideyaları, təsvir etdiyi hər bir detalın, simvolun dərinliyi ilə fərqlənir. “İnikas”, “Tale telləri”, “Haray”, “Nəsillər”, “İblisin təvəllüdü” kimi əsərlərində hər bir fiqur, hər detal bir mənanın daşıyıcısına çevrilib.

Qrafik əsərlərində isə teatrallıq açıq şəkildə hiss olunur. O, tamaşaçı qarşısında sanki görünməz bir pərdəni qaldırır və arxasındakı səhnədən rəngarəng həyatın özünü göstərir. Maskalı obrazlar, marionet fiqurlar, çəkisiz məkanda dayanan insan siluetləri reallığın metaforalarıdır. Tahir Şıxəliyevin yaratdığı bu teatrallıq bir oyun deyil, həyatın simvolik təcəssümüdür desək, daha doğru olar.

Rəssamın uzun illər davam edən peşə fəaliyyəti də onun bədii düşüncəsinə paralel bir xətt təşkil edir. O, sənətdə fərqli olmaq, öz dünyanı yaratmaq prinsipinə hər zaman sadiq qalır. Əsərlərində insanın daxili dünyası ilə kainat arasında körpü qurur. Rəssamın üslubu aydın, lakin sirli, real, amma eyni zamanda xəyali dünyaya açılan pəncərədir. Palitrası isə rəngarəngdir. Tablolarında, qrafik lövhələrində bütün əlvan rəngləri görmək olar.

Tahir Şıxəliyevin yaradıcılığı yalnız Azərbaycanla məhdudlaşmır. Əsərləri Rusiya, Gürcüstan, Türkiyə, Almaniya, ABŞ, Serbiya, Rumıniya və s. kimi ölkələrdə muzey və şəxsi kolleksiyalarda saxlanılır. Onun fərdi sərgiləri də yaradıcılıq yolunun mühüm mərhələlərini əks etdirir. Rəssamın son iştirak etdiyi sərgilər sırasında “Zaman” art qalereyasında keçirilən “Zaman naxışları” adlı fərdi sərgisini, Türkiyə-Azərbaycan dostluğuna həsr olunmuş “Saküder” rəssamların qrup sərgisini vurğulamaq olar. Qrup sərgisində o, “Saküder-2025” incəsənət mükafatında da layiq görülüb. Rəssam yaxın günlərdə İtaliyada Palazzo Mandrilli qalereyasında “Sarı rəngin əfsanələri” fərdi sərgisini keçirməyə hazırlaşır.

Bu gün Tahir Şıxəliyevin emalatxanasında günəşin sarı işığı kətanlara düşür və hər rəng izi bir düşüncəyə çevrilir. Onun sənətində işıq heç vaxt sönmür, çünki o, rənglərlə deyil, işığın ruhu ilə yaradan sənətkardır.

Ziyarət Cabarova Qəhrəmanova

Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi, sənətşünas