Azərbaycanın yaradıcılıq ekosisteminin inkişafına dəstək göstərən Yaradıcı Mərkəz 17–19 noyabr tarixlərində keçirilən STEAM Azərbaycan Festivalında (SAF 2025) geniş proqramla iştirak edir. Mərkəz festivalda həm rezident oyun studiyalarının hazırladığı layihələri, həm də YaradıcıEduAz layihəsi çərçivəsində təşkil olunan ustad dərslərini təqdim edir.

Mədəniyyət Nazirliyindən bildirilib ki, festivalın ilk günündə Yaradıcı Mərkəzin stendi yüzlərlə ziyarətçinin marağına səbəb olub. Ziyarətçilər oyun studiyalarının hazırladığı yeni oyun prototipləri ilə tanış olub, animasiya və qrafik dizayn proseslərini canlı izləyib, həmçinin süni intellektlə yaradıcı kontentin formalaşması barədə məlumatlar əldə ediblər.

Keçirilən ustad dərsləri festival iştirakçılarına interaktiv təcrübə yaşadıb. Gənclər və məktəblilər ustad dərslərinə böyük maraq göstərərək fəal iştirak ediblər.

Xatırladaq ki, STEAM Azərbaycan Festivalı 2021-ci ildən ənənəvi olaraq təşkil edilir. Builki festival (SAF 2025) Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilir. 

STEAM 5 əsas sahənin birgə tədrisidir: elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

Yaradıcı Mərkəzin STEAM Festivalındakı iştirakı çərçivəsində 3 gün ərzində müxtəlif təqdimatlar, interaktiv fəaliyyətlər və oyun studiyaları ilə tanışlıq sessiyaları keçirilib.

Yaradıcı Mərkəz “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində təsis edilib