Xəbər verdiyimiz kimi, 13 15 noyabr tarixlərində Daşkənddə Mərkəzi Asiya və Azərbaycan Kinosu Günləri keçirilib. 

Noyabrın 14-də Özbəkistan paytaxtının "Panoramafilm" kinoteatrında “Tağıyev. Neft” filminin xüsusi nümayişi təşkil olunub.

Tədbirdə Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın mədəniyyət nazirləri, həmçinin bu ölkələrin kino agentliklərinin rəhbərləri də iştirak ediblər.

Əvvəlcə film haqqında məlumat verilib. Bildirilib ki, ekran işi Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb. Bu, məşhur azərbaycanlı neft milyonçusu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoluna həsr olunan çoxseriyalı filmin ilk seriyasıdır.

Filmdə XIX əsrin sonları – XX əsrin əvvəllərində Bakıda və ölkəmizin regionlarında baş verən mühüm tarixi hadisələrə də toxunulur.

Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.

Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla, peşəkar aktyor heyəti filmdə rol alıb.

Diqqətə çatdırılıb ki, "Tağıyev" seriyasından filmlər Azərbaycanda kinoteatrların nümayiş göstəricilərində reytinq liderliyini qoruyur. Hazırda filmin xarici ölkələrdə, o cümlədən Mərkəzi Asiya respublikalarında yayımı ilə bağlı danışıqlar aparılır.

Sonra film nümayiş etdirilib və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.