Tarixdəki olaylar

 

17 noyabr 1988 – Ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq Bakıdakı Lenin (indiki Azadlıq) meydanında kütləvi mitinqlər başlanıb. Dekabrın 4-dək davam edən mitinqlər Azərbaycanın tarixinə milli dirçəliş hərəkatı kimi düşdü. 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edildi.

 

17 noyabr 1990 – Naxçıvan MSSR Ali Məclisinin yeni seçilmiş tərkibdə ilk iclası keçirilib. Deputat Heydər Əliyevin sədrliyi ilə keçən iclasda tarixi qərarlar qəbul edilib. Ali Məclisdə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılıb, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

17 noyabr 1895 – Məşhur rus filosofu, incəsənət nəzəriyyəçisi Mixail Mixayloviç Baxtin (1895 – 7.3.1975) anadan olub.

 

17 noyabr 1906 – Dünyaşöhrətli xalçaçı alim, dekorativ sənət ustası, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimov (1906 – 9.9.1991) Şuşada anadan olub. “Azərbaycan xalçalarında ornament”, “Azərbaycan xalçası” çoxcildliyi və s. kitabların müəllifidir. L.Kərimovun təşəbbüsü ilə Bakıda Xalça Muzeyi təşkil olunub.

 

17 noyabr 1933 – Əməkdar incəsənət xadimi, pianoçu Gülarə Əziz qızı Əliyeva (1933 – 27.7.1991) Bakıda doğulub. “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri olub. “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifidir. İndiki Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib.

 

17 noyabr 1954 – Əməkdar mədəniyyət işçisi Zemfira Baba qızı Babayeva (1954 – 20.7.2021) anadan olub. “Azərbaycanfilm” Kinostudiyasında işləyib. Bakı Bələdiyyə Teatrında truppa müdiri olub.

 

17 noyabr 1978 – Əməkdar artist Səməd Əmiraslan oğlu Tağızadə (1907–1978) vəfat edib. Gəncə Dövlət Dram Teatrında aktyor, truppa müdiri işləyib.

 

17 noyabr 2006 – Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (19.12.1950 – 2006) vəfat edib.

Hazırladı: Vüqar Orxan