Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 18, 22 və 23 noyabr tarixlərində yeni səhnə əsərini – Xalq yazıçısı Kamal Abdullanın “Gülçöhrə və Əsgər” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerasını təqdim edəcək.
Musiqili dramın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovdur.
Rejissor Elməddin Dadaşov, quruluşçu dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssam Vüsal Rəhim, quruluşçu baletmeyster Əməkdar artist Nigar Şahmuradova, xormeyster Əməkdar artist Vaqif Məstanov, konsertmeyster Fidan Əliyeva, işıq üzrə rəssam Rafael Vaqifoğlu, rejissor assistenti Tamilla Aslanovadır.
“Gülçöhrə və Əsgər” tamaşası dahi bəstəkar Üzeyir Hacıbəylinin xoşbəxt sonluqla bitən “Arşın mal alan” operettasının davamı kimi dəyərləndirilsə də, tamamilə fərqli təəssürat yaradır.
Səhnə əsərində Gülçöhrə ilə Əsgərin məşəqqətli həyat hekayələri fonunda Azərbaycan Xalq Cümhuriyyəti dövründə bolşeviklərin törətdiyi faciələr də göstərilir…
Tamaşada Əməkdar artistlər Əzizağa Əzizov, Almaz Ələsgərova, İqrar Salamov, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, Prezident təqaüdçüsü Atilla Məmmədov, aktyorlar Nicat Əli, Türkel Tariqpeyma, Faiq Mirzəyev, Gültac Əlili, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Elçin İmanov, Nərmin Əliyeva, İbrahim Əlizadə, Elxan İsmayılov, Əli Kərimov, Orxan Hüseynov, Kamil Cəfərov, Məhəmməd Məmmədov, həmçinin xor və balet artistləri iştirak edirlər.






















