Tarixdəki olaylar

 

16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür (International Day for Tolerance). 1995-ci il noyabrın 16-da UNESCO-nun Baş Konfransında “Tolerantlıq prinsipləri Bəyannaməsi” qəbul edilib və bu tarix Beynəlxalq Tolerantlıq Günü elan olunub.

 

16 noyabr 1877 – Rusiya-Türkiyə müharibəsi gedişində rus qoşunları Qars qalasını ələ keçiriblər. O vaxtdan Rusiyanın nəzarətində qalan Qars 1920-ci ildə Mustafa Kamal paşanın başçılıq etdiyi İstiqlal savaşında işğaldan qurtuldu.

 

16 noyabr 2010 – Azərbaycan xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında (Nayrobi, Keniya) “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

16 noyabr 1895 – Alman bəstəkarı və dirijoru, musiqi nəzəriyyəçisi Paul Hindemit (Paul Hindemith; 1895 – 28.12.1963) anadan olub.

 

16 noyabr 1938 – Azərbaycan teatrının görkəmli nümayəndəsi, aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Əbdülrəsul oğlu Şərifzadə (9.3.1893 – 1938) repressiyaya məruz qalaraq güllələnib.

 

16 noyabr 1995 – Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (25.12.1941 – 1995) vəfat edib. Gəncə, Naxçıvan teatrlarında, Milli Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

 

16 noyabr 2021 – Əməkdar artist, tanınmış aktyor Məcnun Salam oğlu Hacıbəyov (5.10.1935 – 2021) vəfat edib.

 

16 noyabr 2021 – Tanınmış heykəltaraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Əli oğlu Qurbanov (19.10.1962 – 2021) vəfat edib.

Hazırladı: Vüqar Orxan