Tarixdəki olaylar
15 noyabr 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin ilk ali təhsil ocağı – Bakı Dövlət Universiteti fəaliyyətə başlayıb. 1919-cu il sentyabrın 1-də Cümhuriyyət Parlamenti bu barədə qərar qəbul etmişdi.
15 noyabr 1944 – Stalinin əmri ilə Gürcüstanın Türkiyə ilə sərhəd bölgəsində yaşayan Ahıska türklərinin deportasiyası başlanıb. Qərar Türkiyənin SSRİ-dəki türk xalqları ilə əlaqələrinin kəsilməsi yönündə aparılan siyasətin davamı idi. Ahıskalılar Özbəkistan, Qazaxıstan və Qırğızıstana köçürüldü. 1989-cu ilin Fərqanə hadisələrindən sonra onların bir hissəsi Azərbaycana pənah gətirdi.
15 noyabr 1983 – Şimali Kipr Türk Cümhuriyyətinin yarandığı elan edilib. 1974-cü ilin “Barış hərəkatı”ndan (yunanların türk əhaliyə qarşı qırğınlarını dayandırmaq üçün adaya Türkiyə hərbi kontingentinin yeridilməsi) sonra Şimali Kipr de-fakto müstəqil olmuşdu. ŞKTC indiyədək yalnız Türkiyə tərəfindən tanınıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
15 noyabr 1862 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1912) laureatı Gerhart Hauptman (Gerhart Johann Robert Hauptmann; 1862 – 6.6.1946) anadan olub. “Atlantida”, “Kabus” romanlarının, “Tənhalar”, “Kasıb Henrix”, “Qış balladası” və s. pyeslərin müəllifidir.
15 noyabr 1927 – Xalq artisti, rəqqasə Xumar Rza qızı Zülfüqarova (1927 – 2.7.2017) Bakıda doğulub. Opera və Balet Teatrının solisti, Dövlət Mahnı və Rəqs Ansamblının baletmeysteri olub. Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.
15 noyabr 1928 – Görkəmli rəssam Cahid Şamil oğlu Camal (1928 – 17.6.2011) Ağdamın Gülablı kəndində doğulub. 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Akademik Bədii İnstitutunu bitirdikdən sonra Rusiyada yaşayıb, teatrlarda dekorçu, illüstrator kimi tanınıb. XTNS-də Azərbaycan pavilyonunun baş rəssamı işləyib. Rusiyanın Əməkdar rəssamı olub.
15 noyabr 1933 – Ədəbiyyatşünas, professor Firudin Cəlal oğlu Hüseynov (1933 – 31.8.1986) anadan olub. BDU-nun Filologiya fakültəsinə, Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edib.
Hazırladı: Vüqar Orxan






















