Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) noyabrın 15-də 42 yaşını qeyd edir. 1983-cü ilin bu günü Kipr adasının türk əhalisi 20 ilə yaxın sürən özgürlük mücadiləsinin nəticəsi olaraq öz Cümhuriyyətini elan edib. 

Təəssüf ki, ötən illərdə dünya siyasətindəki fərqli standartlar üzündən ŞKTC-nin beynəlxalq müstəvidə tanınması mümkün olmayıb. Müstəqilliyi yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr haqsız izolyasiya şəraitində yaşayır...

Türkiyə hələ Osmanlı dövründən Kiprdə türk varlığının qarantıdır. Kipr adası dörd əsrdən çox Osmanlı imperatorluğunun tərkibində olub. 1877–1878-ci illərin Balkan savaşında Rusiyaya məğlub olan Osmanlı İngiltərəni özünə müttəfiq etmək məqsədilə Kipri ona müvəqqəti idarəçiliyə verib və faktiki olaraq onu itirib.

Birinci Dünya müharibəsindən sonra Osmanlı məğlublar, İngiltərə isə qaliblər sırasında idi. 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyəti də Lozanna anlaşması ilə adanı Britaniyanın müstəmləkəsi kimi qəbul etməli oldu.

30-cu illərdə Kiprdə ingilis idarəçiliyinə qarşı çıxışlar başlanır. Adada sayca çoxluq təşkil edən yunan icması Kiprin Yunanıstana birləşdirilməsinə (“enosis”) çalışırdı. Bu çıxışlar İkinci Dünya müharibəsindən sonra da davam edir. 1959-cu ildə Britaniya adada hərbi bazalarını saxlamaq şərti ilə Kiprə müstəqillik vermək qərarına gəlir. Londonda Britaniya, Türkiyə və Yunanıstan tərəfindən imzalanan anlaşmaya görə, Kipr adasında müstəqil dövlətin yaradılması qərara alınır.

1960-cı ildə adanın yunan və türk icmalarının iştirakı ilə konfederativ əsasda Kipr Respublikası qurulur. Dövlətin prezidenti yunan icmasının lideri (Makarios), vitse-prezidenti isə türk icmasının lideri (Fazıl Küçük) olur. 10 nazirdən ibarət hökumətdə türklərin 3, 50 nəfərlik parlamentdə isə 15 yeri vardı.

Lakin yunan icmasında “enosis” ideyası qalmaqda idi. 1963-cü ilin dekabrında yunan tərəfin Kipr Respublikasının konstitusiyasını dəyişdirmək və türk bölümünün hakimiyyətdəki haqlarını mənimsəmək cəhdi ilə vahid dövlətin mövcudluğuna son qoyulur. 1964-cü ilin əvvəlində türklər və yunanlar arasında silahlı münaqişə başlanır. Bu vəziyyət 10 il sürür.

1974-cü ildə Yunanıstanda hərbi çevriliş baş verir və hakimiyyətə gələn “qara polkovniklər” diktaturası iyulun 15-də Kipr adasının bütünlüklə Yunanıstana birləşdirildiyini elan edir. Türklərə qarşı yeni qətliam başlanır. Türkiyə Kiprdəki türk əhalisini qırğınlardan qorumaq üçün iyulun 20-də adaya hərbi kontingent yeritməli olur. Ada faktiki ikiyə bölünür. Şimali və Cənubi Kipri ayıran xətt boyunca BMT-nin kontingenti yerləşdirilir.  

1976-ci ildə adanın şimalda Kipr Türk Federativ Cümhuriyyəti elan edilir. 1983-cü ildə dövlətin adı ŞKTC olaraq dəyişdirilir. Kipr türklərinin öndəri Rauf Denktaş ŞKTC-nin ilk  Prezident seçilir...

***

Ötən müddətdə Kipri yenidən yunanlarla türklərin birgə yaşadığı vahid dövlət halına gətirmək üçün səylər olsa da, yunan tərəfin qeyri-konstruktivliyi üzündən bu, baş tutmayıb. 2004-cü ildə BMT-nin baş katibi Kofi Annanın vasitəçiliyi ilə anlaşma mümkün görünürdü. Amma türklər referendumda “Annan planı”nı qəbul etsə də, yunan tərəfi onu rədd etdi.

Buna rəğmən beynəlxalq müstəvidəki ədalətsizlik bir daha özünü göstərdi və adanın yunan bölümü (Kipr Respublikası adı ilə) Avropa Birliyinə qəbul edildi, Kipr türkləri isə əvvəlkitək beynəlxalq embarqo ilə üz-üzə qaldılar.

ŞKTC illərdir Türkiyədən hərtərəfli yardım alır, amma dünyadan izolə olunması öz mənfi təsiri göstərir. Son illərdə Türk Dövlətləri Təşkilatı (TDT) müstəvisində Kipr türklərinə dəstək nümayiş olunur. 2022-ci ildə ŞKTC təşkilata müşahidəçi üzv qəbul edilib.

Bu xüsusda Azərbaycan fəal rolunu nümayiş etdirir. Prezidenti İlham Əliyevin dəvəti ilə ŞKTC lideri Ersin Tatarı 2023-cü ildə Azərbaycana gəldi. Bakıda Şimali Kipr günləri təşkil edildi. 2024-cü ildə TDT-nin Şuşadakı qeyri-rəsmi zirvə görüşündə, 2025-ci ildə (oktyabr) isə Qəbələdə keçirilən zirvə görüşündə ŞKTC Prezident səviyyəsində təmsil olunub.

Yeri gəlmişkən, 19 oktyabrda keçirilən növbəti seçkilərdə ŞKTC-nin yeni Prezidenti seçilən Tufan Erhürman bu günlərdə Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə ilk xarici səfərini Türkiyəyə edib. Gözləmək olar ki, onun səfər edəcəyi ikinci ölkə qardaş Azərbaycan olacaq.

***

Kipr türklərinin Cümhuriyyət bayramı da ənənəvi olaraq hər il Azərbaycanda qeyd edilir. Noyabrın 13-də Bakıda ŞKTC-nin yaranmasının 42-ci ildönümü münasibətilə təntənəli tədbir keçirildi. ŞKTC-nin Azərbaycandakı nümayəndəliyinin təşkil etdiyi mərasimdə deputatlar, ictimai-siyasi xadimlər iştirak edirdilər.

ŞKTC-nin Azərbaycandakı nümayəndəsi səfir Ufuk Turganer və Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası dostluq qrupunun rəhbəri Cavanşir Feyziyev mərasimdə çıxış edərək ikitərəfli əlaqələrin inkişafı, görülən işlər və gələcək perspektivlərdən danışdılar.

Qeyd olundu ki, Azərbaycan-ŞKTC əlaqələri xüsusilə təhsil, mədəniyyət sahələrində inkişaf edib. Bu gün ŞKTC universitetlərində 500-dən çox azərbaycanlı tələbə təhsil alır. Son illərdə iki ölkənin biznes dairələrinin əlaqələri də təşəkkül tapır. 2025-ci ilin iyununda Bakıda “Kıbrıs Evi”nın açılması bu prosesə əlavə zəmin olub. Şimali Kiprdən olan iş adamları hazırda Azərbaycanda müxtəlif müəssisələrdə, o cümlədən hotel və restoran biznesində təmsil olunurlar.

Təbii ki, çoxşaxəli əlaqələr fonunda siyasətin yeri xüsusilə vacibdir. Bu baxımdan, səfir Ufuk Turganerin də qeyd etdiyi kimi, Azərbaycanın dövlət başçısı səviyyəsində nümayiş etdirilən mövqe müstəsna önəm kəsb edir: “Azərbaycanda olmaq bizim üçün böyük önəm daşıyır. İki ölkə arasında əlaqələr hər il daha da inkişaf edir. Azərbaycanın Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinə verdiyi dəstək çox önəmlidir və buna görə bir daha təşəkkürümüzü bildiririk".

Eyni zamanda, iki ölkə parlamentləri arasında dostluq qruplarının səmərəli fəaliyyəti siyasi müstəvidə prosesə müəyyən təkan ola bilər.

Vüqar Orxan