Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatının “5 Stars” sertifikatına layiq görülüb.

AzMİU-dan bildirilib ki, sertifikatın təqdimat mərasimi Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilib.

Dünyanın müxtəlif ölkələrindən tanınmış universitet rəhbərləri, akademiklər və təhsil ekspertlərin qatıldığı tədbirdə AzMİU-nun nümayəndə heyəti də iştirak edib. 

AzMİU “QS Stars Rating System” çərçivəsində aparılan çoxşaxəli qiymətləndirmə nəticəsində tədrisin keyfiyyəti, məzunların karyera imkanları, tədqiqat göstəriciləri, müəllim–tələbə nisbəti, inklüzivlik və beynəlmiləlləşmə kimi əsas meyarlar üzrə yüksək nəticələr göstərərək “5 Stars” statusunu qazanıb.

Təqdimatda çıxış edən AzMİU nümayəndələri bu uğurun universitetdə son illər aparılan elmə və innovasiyaya əsaslanan islahatların, keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsinin və dayanıqlı inkişaf prinsiplərinin tədris və idarəetmə proseslərinə inteqrasiyasının məntiqi nəticəsi olduğunu qeyd ediblər.

Çıxışlarda vurğulanıb ki, “5 Stars” sertifikatı AzMİU-nun beynəlxalq aləmdə nüfuzunun artmasının, qlobal akademik məkanda etibarlı tərəfdaş kimi qəbul edilməsinin və universitetin strateji inkişaf planında nəzərdə tutulan məqsədlərə doğru irəliləməsinin mühüm göstəricisidir. Bildirilib ki, QS sisteminin hərtərəfli təhlilləri universitetin gələcək inkişaf prioritetlərinin müəyyən edilməsində mühüm istinad mənbəyi olacaq.

QS-in rəsmi nümayəndələri tərəfindən AzMİU nümayəndə heyətinə “5 Stars” sertifikatı və rəsmi nişanı təqdim edilib.

Bu uğur AzMİU-nun beynəlxalq arenada tanınmasının güclənməsi, qlobal akademik mühitə inteqrasiyasının dərinləşməsi və dayanıqlı ali təhsil modellərinin tətbiqində lider mövqeyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.