F.Köçərli adına Respublika Uşaq Kitabxanası növbəti “Nağıl saatı” təşkil edib. Noyabrın 14-də keçirilən tədbirin qonaqları Bakı şəhəri 172 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdləri olub.
Uşaqlara “Rikinin ad günü”, “Şirinlik dünyası” və “Xarıbülbül nağılı” adlı kitablar haqqında məlumat verilib, onların məzmunu, ideyası və uşaqların dünyagörüşünün formalaşmasında rolu haqqında müzakirələr aparılıb.
Kitabxananın əməkdaşları hər bir nağılın uşaqlarda xeyirxahlıq, dostluq və vətənpərvərlik kimi dəyərlərin aşılanmasında xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.
Nağıl saatının davamında şagirdlər üçün maraqlı cizgi filmi nümayiş olunub, uşaqlar asudə vaxtlarını səmərəli keçiriblər.
Qeyd edək ki, kitabxananın ənənəvi layihələrindən olan “Nağıl saatı” uşaqların maariflənməsinə, kitabxana mühitinə daha yaxından bələd olmasına və mütaliəyə marağının artırılmasına xidmət edir.






















