20 noyabr – Dünya Uşaq Hüquqları Günü uşaqların səsinin eşidildiyi, onların hüquqlarının qorunmasının vacibliyinin vurğulandığı gündür. Bu günün tarixi 1989-cu ilin 20 noyabrında BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın qəbul edilməsi ilə bağlıdır.

Əlamətdar gün Azərbaycanda da qeyd olunur. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə hər il ölkəmizdə 20 oktyabr – 20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan edilir.

Məqsəd uşaqların hüquqlarını qorumaq, onlara qayğı  göstərmək və cəmiyyətdə uşaqlara hörmətlə yanaşmağı təşviq etməkdir. Bu ay bizə xatırladır ki, hər bir uşaq sevilməyə, təhsil almağa, sağlam və təhlükəsiz mühitdə böyüməyə layiqdir və onların xoşbəxtliyi, rifahı cəmiyyətin ən böyük dəyəridir.

Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi ənənəvi olaraq “Uşaq hüquqları aylığı”na öz töhfəsini verir.

Noyabrın 14-də muzeydə uşaqların iştirakı ilə maarifləndirici tədbir təşkil edilib. Tədbirdə F.Rzayev adına 150 saylı orta məktəbin 5-ci və 6-cı sinif, 189-190 saylı orta məktəbin 6-cı və 7-ci sinif şagirdlərinə muzeyin bələdçiləri M.Rudıçeva və Ş.Babayev tərəfindən rus və Azərbaycan dillərində ekskursiyalar keçirilib. Onlara uşaq hüquqları, Mstislav Rostropoviçin uşaqların hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər barədə məlumat verilib. Maestronun Azərbaycanda uşaqların sağlamlığı, təhsili və gələcəyi ilə bağlı göstərdiyi əvəzsiz xidmətləri qeyd edilib.

Sonra məktəblilər uşaq hüquqlarından bəhs edən maarifləndirici videoçarxlara baxıblar.