Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü (16 noyabr 2025-ci il) ərəfəsində noyabrın 13-də “Mərkəzi Asiya və Azərbaycanda mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres işə başlayıb. 

Mədəniyyətlərarası dialoqun inkişafına və humanitar əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək universal platforma kimi nəzərdə tutulan konqresin təşkilatçıları yeni fəaliyyətə başlayan Özbəkistan İslam Sivilizasiyası Mərkəzi, ölkənin Xarici İşlər Nazirliyi, Özbəkistanın Mədəni İrsin Öyrənilməsi, Qorunması və Təbliği üzrə Ümumdünya Cəmiyyəti (WOSCU), Özbəkistan Elmlər Akademiyası və Mərkəzi Asiya Beynəlxalq İnstitutudur.

Konqresdə Azərbaycandan nümayəndə heyəti iştirak edir.  

Daşkənddəki Özbəkistan İslam Sivilizasiyası Mərkəzində konqresin açılış mərasimi, mərkəzin muzey ekspozisiyaları, xəttatlıq məktəbi ilə tanışlıq olub.

Konqresin açılış mərasimində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakçılara müraciəti oxunub.

İştirakçı ölkələrin nazirlərinin, elm, mədəniyyət, din xadimlərinin, milli kitabxana və muzey rəhbərlərinin qatıldığı mərasim daha sonra plenar iclaslar şəklində davam edib.

Plenar iclasda Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov ölkəmiz adından salamlama nitqi ilə çıxış edib və Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin fəaliyyətinə uğurlar arzulayıb.

Tematik bölmə iclasları ilə işini davam etdirən konqres noyabrın 15-də başa çatacaq.

***

Qeyd edək ki, 16 noyabrda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək. Dövlətimizin başçısı bundan öncə Aşqabad (2023) və Astanada (2024) keçirilən görüşlərə də fəxri qonaq qismində qatılmışdı.