Bu gün tanınmış teatr və kino aktrisası, Xalq artisti Elmira İsmayılovanın anadan olmasının 80 illiyi tamam olur.
İrəvan şəhərində ziyalı ailəsində anadan olan aktrisa burada Pedaqoji İnstitutu bitirib, 1968-ci ildən taleyini C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına bağlayıb. 2015-ci ilədək çalışdığı bu teatrda maraqlı obrazlar qalereyası yaradıb.
Onun Humay (S.Rəhman – "Əliqulu evlənir"), Afət (M.Şamxalov – "Qayınana"), Qrafinya (V.Şekspir – "Axırı xeyir olsun"), Dilarə (Anar – "Şəhərin yay günləri"), Dilbər xanım (N.Vəzirov – "Hacı Qəmbər"), Oqudalova (A.Ostrovski – "Cehizsiz qız"), Smeraldina (K.Qoldoni – "İki ağanın bir nökəri"), Böyükxanım (C.Cabbarlı – "Aydın"), Xala (Ü.Hacıbəyli – "Arşın mal alan"), Nazik (S.Rəhman – "Ulduz") və s. rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Elmira İsmayılova həmçinin "Ömürdən uzun gecə" (Hidayət), "Əkizlərin nağılı" (P.Pançev) kimi televiziya filmlərində də çəkilib.
Aktrisanın yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2000-ci ildə “Əməkdar artist”, 2007-ci ildə “Xalq artisti” fəxri adlarına, müxtəlif illərdə Prezident mükafatına layiq layiq görülüb. 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif olunub.
Xalq artisti Elmira İsmayılovanı doğum günü və yubileyi münasibətilə təbrik edir, möhkəm cansağlığı və fərəhli illər arzulayırıq!






















