Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Silahlı Qüvvələrimizin Vətən müharibəsində qazandığı şanlı Zəfərin 5-ci ildönümü münasibətilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü və Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən atlarla Zəfər yürüşü təşkil edilib.
Bu barədə qoruqdan məlumat verilib. 4 noyabr 2025-ci il tarixində gerçəkləşən “Keşikçidağda Zəfər yürüşü” adlı tədbirin əsas məqsədi qəhrəman şəhid və qazilərimizin şücaətini xatırlamaq, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini bir daha nümayiş etdirmək, eləcə də qədim Keşikçidağ abidələr kompleksini təbliğ etmək olub.
Tədbirin məhz “Keşikçidağ” qoruğunun ərazisində (Ağstafa rayonu) keçirilməsi simvolik məna daşıyır. Qoruğun yerləşdiyi qədim Ceyrançöl diyarı əsrlər boyu sərhədlərimizi qoruyan igidlərin, elat mədəniyyətinin və atçılıq ənənələrinin beşiyi olub. Bu ərazi həm də qədim karvan yollarının keçdiyi, Azərbaycan xalqının döyüş ruhunu, torpağa bağlılığını əks etdirən mədəni yaddaş məkanıdır. Yürüşdə iştirak edəcək atlar Azərbaycanın qədim və dözümlü yerli cinslərindən olan Dilboz atları da xalqımızın döyüş ruhunu, mərdlik və azadlıq uğrunda mübarizə ənənələrini simvolizə edir.
Tədbir həm də gənc nəslə vətənpərvərlik, milli dəyərlərə hörmət və tarixi irsə bağlılıq hisslərini aşılamaq məqsədi daşıyıb. Keşikçidağ qoruğunun ərazisində yerləşən qədim mağaralar, kurqanlar və məbədlər xalqımızın minilliklər boyunca bu torpaqlarda yaratdığı mədəni irsi və sarsılmaz mənəvi kökləri əks etdirir.
Yürüş Soyuqbulaq qəsəbəsindən, qoruğun adının əks olunduğu məlumat lövhəsinin qarşısından start götürərək, qoruğun informasiya mərkəzinədək davam edib.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və məsul şəxslər, idarə və təşkilat rəhbərləri, könüllülər, şəhid ailələri və qazilər, karate və cüdo ilə məşğul olan yeniyetmə idmançılar, Ağstafa Rayon Rəsm Qalereyasının əməkdaşları və şagirdlər, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun (Qazax rayonu) kollektivi iştirak edib.
Milli geyimli gənclərin üçrəngli bayraqlarla bəzədilmiş atlarla yürüşü tədbirə xüsusi rəng qatıb, Zəfər ruhunu daha da yüksəldib. Yürüş zamanı bələdçilər iştirakçılara Keşikçidağ kurqanlar vadisi barədə məlumat verib, yürüşün ikinci mərhələsi qoruğun informasiya mərkəzinə qədər davam edib. Qoruğun informasiya mərkəzinin önündə alaçıqlar qurulub, atlarla oyun keçirilib və çaparlara milli atributlarımızdan olan al-əlvan kəlağayılar bağışlanıb.
Sonra qonaqların iştirakı ilə bizə şanlı tarixi yaşatmış şəhidlərin əziz xatirəsinə salınmış “Zəfər bağı”nda ağacəkmə aksiyası keçirilib. Rəsm qalereyası şagirdlərinin 8 Noyabr – Zəfər Gününə həsr olunmuş sərgisinə baxış olub.
Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev çıxış edərək qonaqları salamlayıb.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib və Azərbaycan xalqının milli birliyinin, Ordumuzun gücünün, Müzəffər Ali Baş Komandanın qətiyyətinin bu qələbənin əsas dayaqları olduğunu vurğulayıb.
Şəhid ailələri çıxış edərək bildiriblər ki, Vətən üçün canından keçmiş əzizlərini kədərlə xatırlasalar da, onlar üçün bu gün həm qürur günüdür. Bugünkü yürüş şəhidlərin ruhuna böyük ehtiramdır.
Bədii hissədə xalq rəqsləri ifa olunub, vətənpərvərlik ruhlu mahnılar səsləndirilib. Canlı musiqi ifaları, milli rəqslər hər kəsə bayram əhvalı bəxş edib. Tədbir çərçivəsində təşkil olunmuş güləş və digər milli idman yarışları da Azərbaycan gəncinin gücünü və birlik ruhunu təcəssüm etdirib.
“Keşikçidağda Zəfər yürüşü” yalnız bir tədbir deyil, Azərbaycan xalqının milli yaddaşına, qəhrəmanlıq tariximizə və gələcək nəsillərin Vətən sevgisinə ünvanlanan mənəvi ismarış kimi yadda qalıb.




























