Tarixdəki olaylar
13 noyabr 1988 – Ermənistanda azərbaycanlılara qarşı qırğın həyata keçirilib. Spitak rayonunda erməni silahlı dəstələri azərbaycanlı əhalinin evlərinə basqınlar ediblər. 40-dan çox azərbaycanlı qətlə yetirilib, yüzlərlə ailə ev-eşiyindən çölə atılaraq rayonu tərk etməyə məcbur edilib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
13 noyabr 1745 – Fransalı pedaqoq, korlar üçün ilk əlifbanın müəllifi Valentin Hauy (Valentin Haüy; 1745 – 19.3.1822) anadan olub. Onun doğum günü şərəfinə 13 noyabr “Beynəlxalq gözdən əlillər günü” kimi qeyd olunur.
13 noyabr 1850 – İngilis (şotland əsilli) yazıçısı, macəra romanlarının müəllifi Robert Luis Stivenson (Robert Louis Stevenson; 1850 – 3.12.1894) anadan olub. Əsərləri: “Dəfinələr adası”, “Qara ox” və s.
13 noyabr 1939 – Xalq artisti Solmaz Cəbrayıl qızı Qurbanova (1939 – 4.6.2013) Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrının aktrisası olub.
13 noyabr 1983 – Əməkdar incəsənət xadimi, kinooperator Əsgər Cəfər oğlu İsmayılov (1.4.1905 – 1983) vəfat edib. Çəkdiyi filmlər: “Qara daşlar”, “Kölgələr sürünür” (bədii), “Bakıdan Göygölədək” (1947, ilk Azərbaycan rəngli sənədli filmi).
13 noyabr 2021 – Əməkdar memar, Dövlət mükafatı laureatı Rasim Həsən oğlu Əliyev (16.7.1934 –2021) vəfat edib. Bakı şəhərinin baş memarı olub.
13 noyabr 2022 – Əməkdar mədəniyyət işçisi, aşıq Əlixan Abbasqulu oğlu Niftəliyev (25.6.1943 – 2022) vəfat edib.
Hazırladı: Vüqar Orxan























