Birinci və İkinci Dünya müharibələri zamanı həlak olmuş, eləcə də müharibələrdən sonra hərbi əsir kimi yaşadıqları ölkədə vəfat etmiş almanların müxtəlif ölkələrdə məzarlıqları var. Belə məzarlıqlar Azərbaycanın bir sıra şəhərlərində də mövcuddur.
İkinci Dünya müharibəsinin Şərq cəbhəsində – Almaniyanın Sovet İttifaqı ilə müharibəsində əsir götürülmüş alman hərbçilər, SSRİ-nin digər respublikaları ilə yanaşı, Azərbaycana da gətirilmiş və əsasən tikinti sahələrində işlərə cəlb edilmişdi. Tarixi mənbələrə görə, Bakıda Hökumət Evinin, Səhiyyə Nazirliyinin binasının tikintisində, Mingəçevir SES-in inşasında, Sumqayıt şəhərinin salınmasında minlərlə alman hərbi əsir işlədilib. Onların bir qisminin son mənzili də Azərbaycan torpağı olub.
Xaricdəki belə məzarlıqlar Almaniya dövlətinin də diqqət mərkəzindədir. Bu işlə hələ 1919-cu ildə, Birinci Dünya müharibəsindən sonra təsis edilən və hazırda Almaniya Federal Hökuməti nəzdində fəaliyyət göstərən Alman Müharibə Məzarları Komissiyası (Volksbund Deutsche Kriegsgräberfürsorge) məşğul olur.
Bu barədə Almaniyanın Azərbaycandakı Səfirliyinin sosial media səhifəsində yayılan məlumatda bildirilir.
Qeyd olunur ki, sözügedən humanitar təşkilat Almaniya Federal Hökuməti adından xaricdə müharibə qurbanlarının yerinin müəyyən edilməsi, ləyaqətli dəfn mərasimin təşkili, məzarların bərpası və saxlanılması ilə məşğuldur.
“Almaniya Federativ Respublikası bu təşkilat vasitəsilə müharibə və zülm qurbanı olan bütün insanların ləyaqətli anılmasını dəstəkləyir və bununla sülhün vacibliyini vurğulayır.
Komissiya qurbanların qohumlarını dəstəkləyir və Azərbaycan da daxil olmaqla, müharibə məzarlarına qulluq məsələlərində dövlət və özəl qurumlar ilə birgə çalışır. O, anım mədəniyyətinə sadiqdir və gənclər üçün ölənlərin dəfn yerlərində görüşlər və tədbirlər təşkil edir”, – deyə məlumatda vurğulanır.
Məlumatda həmçinin diqqətə çatdırılır ki, Alman Müharibə Məzarları Komissiyasının işi tarixə hörmətlə yanaşmağın vacibliyini nümayiş etdirir və eyni zamanda barışıq və ortaq anım nümunəsi ola bilər.
Yeri gəlmişkən, Almaniyada müharibə və diktatura qurbanlarının xatirəsinə həsr olunmuş xüsusi gün – "Milli anım günü" (Volkstrauertag) də qeyd olunur. Noyabr ayının üçüncü bazar gününə (Milad bayramından bir ay əvvəl başlanan Advent orucundan öncəki bazar günü) təsadüf edən bu gün dini təqvimlə (xristian lüteran məzhəbi üçün) bağlı olsa da, eyni zamanda ictimai və siyasi əhəmiyyət kəsb edir. O cümlədən Almaniya səfirlikləri tərəfindən bu anım günündə fəaliyyət göstərdikləri ölkələrdəki alman hərbi məzarlıqları ziyarət edilir.
Qeyd edək ki, Azərbaycanda belə məzarlıqların ən böyüyü Mingəçevir və Sumqayıt şəhərlərində, eləcə də Bakının Yasamal rayonunda yerləşir. 1995-ci ildə Azərbaycana ilk dəfə rəsmi səfərə gələn Almaniyanın xarici işlər naziri Klaus Kinkel Bakıda alman hərbi əsirlərinin dəfn olunduğu qəbiristanlığı ziyarət etmişdi.
Vüqar Orxan























