Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinin beşinci ildönümünə və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər ruhu” adlı fotosərgi təşkil edilib.

Sərginin açılışında çıxış edən Mədəniyyət Nazirliyinin Muzey və daşınar mədəni irs sektorunun müdiri Könül Cəfərova vurğulayıb ki, Zəfər Günü Azərbaycan xalqının mübarizə əzmini, birliyini və Vətənə sədaqətini əks etdirən ən qürurlu tarixlərdən biridir. K.Cəfərova belə sərgilərin gənc nəsildə vətənpərvərlik hisslərinin gücləndirilməsi və Vətən müharibəsinin tarixi əhəmiyyətinin təbliği baxımından xüsusi əhəmiyyətini qeyd edib.

Muzeyin direktoru akademik Nailə Vəlixanlı qeyd edib ki, “Zəfər ruhu” sərgisi xalqımızın azadlıq və ədalət uğrunda apardığı mübarizənin, igid Vətən övladlarının qəhrəmanlığının, müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi qələbənin rəmzidir. O, 2021-ci ildən etibarən Vətən müharibəsinə aid belə silsilə fotosərgilərin keçirilməsində təşəbbüsünə görə layihənin kuratoru, muzeyin əməkdaşı Mirnaib Həsənoğluya təşəkkürünü bildirib.

Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi, muzeyin fotoqrafı Mirnaib Həsənoğlu bildirib ki, sərginin əsas məqsədi Vətən müharibəsi dövründə Azərbaycan xalqının qəhrəmanlığını, ordumuzun şücaətini və qazanılmış tarixi Qələbənin əhəmiyyətini sənədli fotoşəkillər vasitəsilə ictimaiyyətə təqdim etməkdir. 

Qeyd edək ki, sərgidə fotoqraflar Şahvələd Eyvazov, Nurəhməd Vəliyev, Oleq Litvin, İlqar Cəfərov, Kərəm Nəbiyev, Xalid Əsgərov, Əli Qafarov, Rafiq Bağırov, Fərqanə Qasımlı, Nurlan Tahirli, Nail Əhmədov, Kamran Əsədov, Vüqar İbadov, İlkin Səlifov, Fariz Əliyev, Araz Adiloğlu, Vüqar Əmrullayev, Famil Mahmudbəyli və Mirnaib Həsənoğlunun çəkdiyi fotolar nümayiş olunur. 

Ekspozisiyada Birinci Qarabağ müharibəsi ilə bağlı fotoşəkillər də yer alıb.

Tarix Muzeyində “Zəfər ruhu” fotosərgisi noyabrın 17-dək davam edəcək. Giriş sərbəstdir.