Dünyanın bir sıra ölkələrində investisiya proqramları ilə tanınan Qətər bu qəbildən ən böyük layihələrdən birini Misirdə həyata keçirmək niyyətindədir.

İki ölkənin hökumətləri arasında əldə olunan razılaşma təxminən 30 milyard dollarlıq dəyərində şəhərsalma və biznes infrastrukturu layihəsi ilə bağlıdır.

Layihə Aralıq dənizinin şimal-qərb sahilində, Misirin Mersa Matruh vilayətinin Semla və Alem Er-Rum bölgəsində təxminən 500 hektar ərazidə yeni bir şəhər salınmasını nəzərdə tutur.

İmzalanma mərasimindən sonra çıxış edən Qətər Dövlətinin bələdiyyə naziri Abdullah bin Hamed bin Abdullah el-Attiye bu təşəbbüsün bölgədə ən böyük sərmayə yatırımı layihəsi olduğunu vurğulayıb.

Bildirilib ki, Qətərin “Ed-Diyar” şirkətinin həyata keçirəcəyi  layihə üzrə bölgədə müasir şəhər salınacaq, hotellər, yaşayış məhəllələri, ticarət mərkəzləri, xəstəxana, universitet və məktəblər tikiləcək. Yeni şəhər ərazisinin 60 faizi yaşayış məhəllələri olacaq.

Mərasimdə çıxış edən Misirin Baş naziri Mustafa Mədbuli deyib ki, layihə çərçivəsində 250 mindən çox daimi və müvəqqəti iş yeri yaradılacaq. Eyni zamanda, Misir büdcəsinə vergi və rüsumlardan əlavə gəlirlər daxil olacaq.

Razılaşmaya görə, artıq cari ilin dekabr ayında Misir “Aləm ər-Rum” şəhəri layihəsi üzrə 3,5 milyard dollar bonus əldə edəcək. Bundan başqa, Misir hökuməti orada tikiləcək yaşayış binalarında ümumilikdə 396 min kvadratmetr sahə pay-bonus alacaq.

Qeyd edək ki, bu meqalayihə ilə bağlı ilkin anlaşma 2023-cü ildə Qətər-Misir investisiya forumunda əldə edilmişdi. “Alem Er-Rum" layihəsinin 2030-cu ilədək həyata keçirilməsi nəzərdə tutulur.

Vüqar Orxan