Respublikamızın hər yerində olduğu kimi, Şamaxı rayonunda şanlı Qələbəmizin 5-ci ildönümü, 8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib. Tədbirlərdə mədəniyyət müəssisələri də fəal iştirak edib.
Şamaxı rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Milli Məclisin deputatı Tamam Cəfərova şanlı Zəfər münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı tarixi Qələbənin eyni zamanda xalq-dövlət və xalq-ordu birliyinin təcəssümü olduğu vurğulanıb.
Tədbirdə Zəfər Gününə həsr olunmuş “Qızıl payız” adlı sənədli film nümayiş etdirilib.
Sonra Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrin musiqi kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.























