Xəbər verdiyimiz kimi, bu günlərdə (31 oktyabr – 16 noyabr) paytaxtımızda daha bir sənət şöləni – Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) keçirilir. 

Festival çərçivəsində müxtəlif nəsilləri, ənənələri və ölkələri birləşdirən sənət axşamı təqdim edilıb. 7 noyabrda M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində tanınmış skripkaçı və dirijor Dmitri Sitkovetskinin rəhbərliyi ilə həm yerli ulduzlar, həm də müxtəlif ölkələrdən gəlmiş istedadlı ifaçılar çıxış ediblər. Onların arasında – dörd yaşından ifaya başlayan və hazırda İspaniyada yaşayan skripkaçı Liana Qurdciya, Azərbaycanın Xalq artisti, pianoçu Murad Adıgözəlzadə, beynəlxalq müsabiqələrin iştirakçısı və hazırda Almaniyada təhsil alan gənc yaponiyalı skripkaçı Ayaka Uçio, eləcə də Azərbaycanın gənc skripkaçılar nəslinin parlaq nümayəndələrindən Nəzrin Aslanlı yer alıb.

Konsert proqramı görkəmli skripkaçı Yulian Sitkovetskinin 100 illik yubileyinə həsr olunub. Onun Bax və Paqaninidən ifaları bu gün də gənc musiqiçilər üçün ustad nümunəsi hesab edilir.

Sitkovetskilər Bakının musiqi tarixi ilə sıx bağlı dərin köklərə malik ailədir. Onların babası XIX əsrdə orkestr dirijoru olmuş və dahi Üzeyir Hacıbəyovla birlikdə şəhərin musiqi həyatının əsasını qoyanlardan biri sayılır.

Dmitri Sitkovetski Bakıda anadan olub, Moskva Konservatoriyasında və daha sonra Nyu-Yorkdakı Culliard Məktəbində təhsil alıb. "Bakı mənim üçün doğma şəhərdir. Ailəm ötən əsrdə burada dörd nəsil peşəkar musiqiçilər yetişdirib. Mən burada özümü tam evdəki kimi hiss edirəm və buradakı insanların nə qədər mehriban və xeyirxah olduqlarına heyranam. Bunu pulla almaq mümkün deyil”, – deyə o, konsertdən əvvəl təəssüratını bölüşüb.

Tamaşaçıların alqışları ilə qarşılanan konsert proqramı sübut edib ki, Bakı Beynəlxalq İncəsənət Festivalı paytaxt sakinlərinə və qonaqları dünyəvi mədəni kontekstə çıxış imkanı yaradan əhəmiyyətli layihədir.

Festivalın ikinci həftəsinin daha bir təqdimatı 8-9 noyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olub. Kanadalı rejissor Robert Lepaj və xoreoqraf-rəqqas Giyom Kotenin yozumunda “Hamlet” əsərinin müasir xoreoqrafik interpretasiyası nümayiş olunub.

Festival haqqında ətraflı məlumat: https://www.biaf.az