Noyabrın 8-də Mədəniyyət Nazirliyi və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində tarixi qələbənin 5-ci ildönümü münasibəti ilə təsis olunan “Zəfər” mükafatının təqdimatı keçirilib.

Teatrdan bildirilib ki, mükafat yaradıcı şəxslərin vətənpərvərlik, milli birlik, qəhrəmanlıq və zəfər ruhunun gələcək nəsillərə ötürülməsində göstərilən xidmətlərinin və nailiyyətlərinin qiymətləndirilməsini özündə ehtiva edir.

“Zəfər” mükafatı Xalq artisti Hacı İsmayılov tərəfindən şəhid Rövşən Nurzadənin atası Xalq artisti Əli Nurzadəyə, Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov tərəfindən Xalq artisti Nurəddin Mehdixanlıya, Xalq artisti Firəngiz Mütəllimova tərəfindən 44 günlük Vətən müharibəsinin iştirakçıları - Tərlan Əsgərli, Ruslan Kərimov, Dağlar Yusifov, Rüfət Cabbarov və Fuad Cəbrayılova təqdim edilib.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində tarixi qələbənin 5-ci ildönümü münasibətilə tamaşaçıları təbrik ediblər, müharibə iştirakçılarına, şəhid ailələrinə, qazilərə dərin hörmət və ehtiramlarını bildiriblər.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində tarixi Qələbənin 5-ci ildönümü münasibətilə mədəniyyət ocaqlarında silsilə tədbir və layihələr həyata keçirilir. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər” musiqi və teatr festivalı çərçivəsində Akademik Milli Dram Teatrının repertuatrından “Baş”, “Qarabağnamə” və “Xurşidbanu Natəvan” tamaşaları nümayiş etdirilir.