Azərbaycan Milli İncəsənət Muzeyində “Zəfərin rəngləri” adlı sərgi təşkil edilib.
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə açılan sərgi Vətən müharibəsində şanlı Zəfərin 5 illiyinə həsr olunub.
Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamı Salhab Məmmədov çıxış edərək sərginin tarixi Qələbəmizin sənət salnaməsini yaradan rəssamların Vətənə olan sevgisinin, qürur və birliyimizin rənglərdəki təcəssümü olduğunu vurğulayıblar.
“Zəfərin rəngləri” sərgisinin ekspozisiyasına Vətən müharibəsi qəhrəmanlarına, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işlərinə, Böyük qayıdış mövzularına, Qarabağın füsunkar təbiətinə həsr olunmuş əsərlər daxil edilib.
Sərgidə Xalq rəssamları Arif Hüseynov, Sirus Mirzəzadə, Əməkdar rəssamlar Adil Şıxəliyev, Elşən Hacızadə, həmçinin təsviri sənətin müasir təmsilçiləri sırasında yer alan Vəfa Pənahova, İntiqam Ağayev, Nigar Vəliyeva, Mirzə Quliyev, Hafiz Kərimov, Ülkər Əliyeva və digər rəssamların müxtəlif texnikalarda işləri təqdim olunur.
Təsviri sənətin rəngkarlıq və qrafika növlərində işlənmiş kompozisiyalar, eləcə də dekorativ-tətbiqi sənətə aid qobelen nümunələri möhtəşəm qələbə ruhunu, xalqımıza Zəfər sevincini bəxş etmiş igid qəhrəmanların obrazlarını bədii dildə ifadə edir. “Cıdır düzü”, “Xarıbülbül ”, “Xudafərin körpüsü”, “Qayıdış”, “Zəfərin şəfəqi”, “Şuşa, sən azadsan” və digər əsərlər daşıdıqları ideya-bədii məzmunu ilə ekspozisiyanın əsas konseptual xəttini təşkil edir.

























