Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş “Parlaq Qələbəmizin sədaları” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə Vətən müharibəsindəki şanlı Qələbəmizin bayram edilməsi ilə bağlı ABİ tərəfindən bir sıra tədbirlərin təşkil olunduğunu bildirib, tarixi Zəfərin 5 illiyinə həsr olunmuş respublika müsabiqəsi haqqında məlumat verib.
Xalq artisti Firəngiz Əlizadənin musiqisi əsasında Əməkdar incəsənət xadimi rejissor Cahangir Zeynallının “Zəfər yolu” filmi nümayiş olunub.
Şair, Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbani “Şeir və musiqidə vətənpərvərlik”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva “Azərbaycan bəstəkarlarının yaradıcılığında vətənpərvərlik mövzusu”nda çıxış ediblər.
Bədii hissədə isə bəstəkar Azad Zahidin “Qalib sərkərdəsi Azərbaycanın” (söz: Abdulla Qurbani), Azərbaycanın Milli Qəhrəmanı polkovnik Riad Əhmədovun bacısı Əməkdar incəsənət xadimi Mehriban Əhmədovanın “Bizim Vətən əsgəri” (söz: Əjdər Qiyaslı) mahnıları, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Məmmədlinin işlənməsində və ifasında “Laçın” xalq mahnısı səslənib.
Videoformatda şəhid musiqiçilər Rauf Əliyev, Xudayar Yusifzadə, Tamerlan Muradov və Toğrul Hacıyevin lent yazıları da təqdim olunub.
Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı qeyd edib ki, musiqiçi şəhidlərin sənət şəcərəsi onların doğmaları tərəfindən davam etdirilir. Buna misal olaraq tədbirdə Toğrul Hacıyevin qardaşı Ülvi Hacıyev kamançada Əli Səliminin “Ayrılıq” mahnısını (Sevda Məmmədlinin müşayiəti ilə), şəhid Babək Ramaldanovun oğlu Bakı şəhər 34 nömrəli uşaq musiqi məktəbinin 6-cı sinif şagirdi Süleyman Ramaldanov isə Fikrət Əmirovun fortepiano üçün "Ekspromt" əsərini ifa ediblər.
Qazi Ramin Şabanov cəbhə xatirələrini poetik fikirlərlə ifadə edib.
Zəfər Gününə həsr olunan təntənəli tədbir Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə tərəfindən şəhid ailələrinə və qazilərə hədiyyələrin təqdim olunması ilə başa çatıb.

























