8 Noyabr Azərbaycanda Zəfər Günüdür. 2020-ci ilin 44 günlük Vətən müharibəsi 8 noyabrda Şuşa zəfəri ilə taclanıb. Müharibənin 43-cü günündə əldə olunan bu zəfər haqq savaşımızın taleyini də həll etdi. Bir gün sonra işğalçı Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamı (31 iyul 2023-cü il ) ilə 8 noyabr həmçinin Şuşa Şəhəri Günüdür.
Tarixdəki olaylar
8 noyabr 1967 – Bakı metrosu sərnişinlərə xidmət göstərməyə başlayıb. Paytaxtda 5 yeraltı stansiya – “Bakı Soveti” (“İçərişəhər”) – “26 Bakı komissarı” (“Sahil”) – “28 Aprel” (“28 May”) – “Gənclik” – “Nərimanov” xətti istifadəyə verilib. Respublika rəhbərliyinin iştirakı ilə Bakı metrosunun rəsmi açılışı 6 noyabrda olsa da, metro nəqliyyatı kütləvi istifadəyə 7 Noyabr bayramından (1917-ci il Sosialist inqilabının ildönümü; sovet dövründə qeyri-iş günü idi – red.) sonrakı gün verilib. Bakı metropoliteni işçilərinin peşə bayramı günü də 6 noyabrda qeyd edilir.
8 noyabr 2000 – Avropa Şurası Nazirlər Komitəsinin 107-ci sessiyasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzvlüyə dəvət olunması barədə qətnamə qəbul edilib. Sənədə əsasən, Azərbaycana Avropa Şurası Parlament Assambleyasında 6 nəfərlik nümayəndə yeri ayrılıb. Azərbaycanın təşkilata rəsmi qəbulu 2001-ci il yanvarın 25-də gerçəkləşdi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
8 noyabr 1837 – Gürcü yazıçısı, şair İlya Qriqoryeviç Çavçavadze (1837 – 12.9.1907) аnаdаn оlub. “Erməni alimləri və fəryad edən daşlar” əsərində ermənilərin qonşu xalqların tarixinə qarşı saxtakarlığını ifşa edib.
8 noyabr 1900 – Amerika yazıçısı Marqaret Mitçell (Margaret Munnerlyn Mitchell; 1900 – 16.8.1949) anadan olub. “Küləklə sovrulanlar” romanı ilə məşhurlaşıb.
8 noyabr 1923 – Xalq artisti, instrumental ifaçı, dirijor Tofiq Qəzənfər oğlu Əhmədov (1923 – 23.3.1981) anadan olub. Azərbaycan Radiosu və Televiziyasının estrada orkestrini yaradıb, milli caz musiqisinin inkişafına töhfələr verib.
8 noyabr 1930 – Əməkdar incəsənət xadimi, bəstəkar Əfsər Bayram oğlu Cavanşirov (1930 – 20.5.2006) Füzuli rayonunun Horadiz kəndində doğulub. Azərbaycan Televiziyası və Radiosunun “Bənövşə” uşaq xorunun yaradıcısı (1958) və bədii rəhbəri olub. Simfoniyalar, uşaq xoru üçün əsərlər yazıb.
8 noyabr 1935 – Dünyaca məşhur fransız kinoaktyoru Alen Delon (Alain Fabien Maurice Marcel Delon; 1935 – 18.8.2024) anadan olub.
8 noyabr 1939 – Kino xadimi, səs rejissoru və operatoru Ələkbər Əliheydər oğlu Həsənzadə (1939 – 1.7.2019) Bakıda doğulub. “Azərbaycanfilm”, “Lenfilm”də çalışıb, Rusiyanın Əməkdar incəsənət xadimi olub.
8 noyabr 1942 – Əməkdar memar, respublika Dövlət mükafatı laureatı Əlibəy Nəzərəli oğlu Novruzi (1942 – 4.3.2021) Bakıda anadan olub.
8 noyabr 1944 – Teatrşünas, yazıçı-publisist Cəlil Həbib oğlu Vəzirov (1944-2008) anadan olub. Naxçıvan Muxtar Respublikası Teatr Xadimləri İttifaqının sədri işləyib.
8 noyabr 1952 – Azərbaycan Dövlət Kukla Teatrının artisti Elmira Əmbər qızı Hüseynova (1952 – 28.8.2024) anadan olub.
8 noyabr 2018 – Xalq artisti, görkəmli aktrisa Amaliya Əliş qızı Pənahova (15.6.1945 – 2018) vəfat edib. 1964-cü ildən Akademik Milli Dram Teatrında çalışıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. Filmlərdə yaddaqalan rollar oynayıb.
Hazırladı: Vüqar Orxan























