Vətən müharibəsində qazanılmış şanlı Zəfərimizin 5 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Vətən müharibəsinin zəfər salnaməsi. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.

Noyabrın 7-də kitabxanada təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bildirib ki,  Milli Kitabxana Azərbaycan Prezidentinin müvafiq tapşırıqlarını əldə rəhbər tutaraq ölkəmizin, tariximizin dünyaya tanıdılması istiqamətində layihələr həyata keçirir. Təqdim olunan fundamental biblioqrafik salnamə də Azərbaycanın tarixi Qələbəsinin dünyada təbliğinə xidmət edən dəyərli mənbə rolunu oynayacaq.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, bu gün biz xalqımızın tarixində ən şərəfli, ən qürurverici hadisələrdən birini – Zəfər Gününün 5 illiyini böyük iftixar hissi ilə qeyd edirik. Bu ildönümü yalnız Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin deyil, həm də xalqımızın birliyinin, milli iradəsinin rəmzidir.

Səadət Yusifova Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi, 12 500 adda ədəbiyyatı əhatə edən biblioqrafiyanın xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. O, biblioqrafiyanın hazırlanmasında əməyi keçən kitabxana əməkdaşlarına təşəkkürünü bildirib.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov bildirib ki, Zəfər tarixi bizə tariximizi yenidən yazmaq və ona yeni baxış bucağından yanaşmaq imkanı verir. Akademik Zəfər tarixinə həsr olunmuş bu fundamental biblioqrafik salnamənin hazırlanmasında əməyi olan Milli Kitabxananın direktoru professor Kərim Tahirov başda olmaqla, kitabxananın bütün kollektivinə təşəkkürünü bildirib.

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşı Gülnar Məmmədova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdirləri Nadir İsmayılov və Knyaz Aslan, BDU-nun kitabxanasının direktoru Nigar İsmayılova Vətən müharibəsində qazanılmış şanlı Zəfərimizin 5 illiyi münasibətilə ürək sözlərini ifadə ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətləri, çıxışları, səfərləri, müsahibələri, imzaladığı fərman və sərəncamlar, eləcə də tarixi Zəfərin qazanılması, qəhrəmanlıq salnaməsi, şəhidlərimizin əziz xatirəsi, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini əhatə edən fundamental biblioqrafiyanın əhəmiyyəti yüksək qiymətləndirilib. Qeyd edilib ki, bu nəşr Zəfərimizin biblioqrafik abidəsi və Vətən müharibəsinin hüquqi bazası kimi mühüm elmi mənbə rolunu oynayır.

Tədbirin davamında Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “8 Noyabr – Zəfər Günü” adlı elektron məlumat bazasının təqdimatı da olub.