Sabirabad rayon Mədəniyyət Mərkəzində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Zəfər nəğmələri” adlı konsert proqramı keçirilib.
Tədbirdə rayonun rəsmiləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, mədəniyyət, təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçənlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Mil-Muğan Regional Mədəniyyət İdarəsi tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə Sabirabad şəhərinin mərkəzi meydanında məktəblilərin iştirakı ilə təşkil olunmuş fleşmobun videoçarxı nümayiş etdirilib.
Rəsmi hissədə çıxış edən Sabirabad rayonun icra başçısı Siraqəddin Cabbarov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən, Ordumuzun qəhrəmanlığından və xalqımızın birliyindən bəhs edib. O, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğunu, dövlət səviyyəsində onların ailələrinə və qazilərə göstərilən diqqət və qayğının önəmini vurğulayıb.
Bədii hissədə regionda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar, muğam və təsniflər səsləndirilib.
“Qarabağ”, “Azərbaycan”, “Heyratı ritmik muğamı”, “Qarabağ şikəstəsi”, “Ey əziz anam Azərbaycan”, “Sən qalibsən”, “Xudayar təsnifi” və “Azadlıq marşı” kimi ifalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsert “Yaşa, mənim xalqım” kompozisiyası ilə yekunlaşıb.
























