Azərbaycanda  “Konstitusiya və Suverenlik İli” elan olunan 2025-ci il xalqımızın dövlətçilik tarixində mühüm mərhələ, müstəqilliyimizin hüquqi əsaslarının möhkəmləndirilməsi, suveren dövlət kimi əldə etdiyimiz uğurların dərinləşdirilməsi ili kimi yadda qalır.

Bu il tariximizin şanlı salnaməsinin – ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsində Zəfərin beşinci ildönümüdür. 8 Noyabr – Zəfər Günü milli birliyin və Konstitusiyamızda təsbit edilmiş dövlət müstəqilliyimizin sarsılmazlığının ən parlaq təcəssümüdür. Bu bayram həm dövlətimizin gücünü, həm də xalqımızın bir amal uğrunda birləşə bildiyini bütün dünyaya nümayiş etdirir.

“Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda xalqımızın qürur və iftixar rəmzinə çevrilmiş 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli tədbir keçirildi.

Tədbirdə qoruğun əməkdaşları, yerli icra hakimiyyəti nümayəndələri, mədəniyyət işçiləri, musiqi məktəbinin xor kollektivi, uşaq bağçasının fidanları, Ə.Cavad adına Mədəniyyət Mərkəzinin musiqi kollektivi iştirak etdilər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Çıxışlarda vurğulandı ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində ən şanlı səhifələrdən biridir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa olunmuşdur.

Məktəblilər vətənpərvərlik ruhunda şeirlər söylədilər, musiqi kollektivlərinin ifasında Vətənə həsr olunan mahnılar təqdim olundu. Musiqi məktəbinin xor kollektivi və Ə.Cavad adına Mədəniyyət Mərkəzinin musiqiçiləri çıxışları ilə tədbirə rəng qatdılar. Uşaqların bədii kompozisiyaları da tamaşaçılarda böyük maraq doğurdu.

Tədbir iştirakçıları həmçinin qoruqda yerləşən tarixi abidəyə ekskursiya etdilər. Ekskursiya zamanı abidənin tarixi əhəmiyyəti və memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat verildi, xüsusilə uşaq və gənclərin tariximizə və mədəniyyətimizə marağı artırıldı.

Zəfər Günü münasibətilə keçirilən bu tədbir xalqımızın milli birliyinin, ordumuza və dövlətçiliyimizə olan dərin sevgisinin və qürur hissinin təntənəsinə çevrildi.

Aləmzar Hüseynova

“Qədim Şəmkir Şəhər” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi