Tanınmış teatr və kino aktyoru, Əməkdar artist Vahid Əliyev 6 noyabr 2025-ci il tarixində, 73 yaşında vəfat edib.

Vahid Əsgər oğlu Əliyev 7 fevral 1952-ci ildə Tovuz şəhərində anadan olub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildən taleyini Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına bağlayıb.

Aktyor yarım əsrə yaxın səhnə fəaliyyəti dövründə “Ana laylası”, “Sirli dəyirman”, “Dədəm Qorqud”, “Şeyx Sənan”, “Sən həmişə mənimləsən”,  “Sehrli xalça”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Nənənin kələyi” və s. tamaşalarda maraqlı obrazlar yaradıb.  

Vahid Əliyev həmçinin “Nə gözəldir bu dünya”, “Kuklalar”, “Qətl günü”, “Qara “Volqa”, “Sübhün səfiri”, “Yalan” və digər filmlərdə çəkilib.

Sənətə töhfələrinə görə 2011-ci ildə “Əməkdar artist” fəxri adına, 2017, 2018, 2019-cu illərdə Prezident mükafatına layiq görülüb.

Allah rəhmət eləsin.