Noyabrın 6-da Bakı Slavyan Universitetində (BSU) “Zəfər həftəsi” çərçivəsində “Azərbaycanın yeni inkişaf konsepsiyası və milli kimlik” mövzusunda konfrans keçirilib.

Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev bildirib ki, tədbirin mahiyyəti Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunub və Azərbaycanın inkişaf konsepsiyası ilə milli kimlik məsələlərinin elmi müzakirəsini əhatə edir. Rektor qeyd edib ki, bu qələbənin bizə bəxş etdiyi tarixi və mənəvi nəticələrin ali təhsil və elmi tədqiqat müəssisələri tərəfindən dərindən öyrənilməsi vacibdir.

Konfransda çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, milli kimliyin dərindən dərk edilməsi və onun əsas komponentlərinin təhsildə ətraflı öyrədilməsi həyati zərurətə çevrilib. Milli kimliyi formalaşdıran əsas elementlərdən biri də milli mənəvi dəyərlərdir. Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının formalaşması və inkişafı istiqamətində böyük xidmətlərini xatırladan Firudin Qurbanov qeyd edib ki, bu parlaq ideoloji irs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Millət vəkilləri Zahid Oruc, Sahib Alıyev və digər çıxış edənlər Azərbaycanın yeni inkişaf mərhələsində milli kimliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının təhsildə və gənclər siyasətində təbliği, qlobal çağırışlar fonunda milli dəyərlərin qorunması məsələlərinə toxunublar.

Vurğulanıb ki, Zəfərdən sonra formalaşan milli özünüdərk və dövlətçilik ideyaları ölkənin yeni inkişaf konsepsiyasının ideoloji əsasını təşkil edir. Bu baxımdan ali təhsil müəssisələrində elmi diskussiyalar və ictimai debatların təşkili mühüm əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Can Laçın” adlı məqalə müsabiqəsinin qalibləri, eləcə də “Suveren Azərbaycan: keçmişdən gələcəyə” mövzusunda esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbir BSU tələbələrinin ifasında təqdim edilən bədii hissə ilə yekunlaşıb.