Noyabrın 26-da Bakıdakı heyrətamiz gözəlliyə malik tarixi binada – M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında ilk dəfə şam işığında “Motsart axşamı” təşkil olunacaq.
Bu barədə filarmoniyadan məlumat verilib.
“Təsəvvür edin: yüzlərlə şamın sakit və yumşaq işığında qədim bir zal, simli alətlərin ilk akkordları səslənir – və siz Motsart dövrünə qədəm qoyursunuz. Musiqi işıq və istiliklə məkanı doldurur, gözəlliyin təsirindən ürəyiniz bir anlıq dayanır. Bu axşam – sadəcə konsert deyil, böyük dahinin canlı ruhu ilə görüşdür”, – deyə məlumatda bildirilir.
“Motsart axşamı” XVIII əsr dahisinin ölməz əsərlərini Azərbaycanın ən yaxşı musiqiçilərinin ifasında dinləmək imkanıdır. Kamera və orqan musiqisi zalındakı unikal akustika sayəsində notların xüsusilə təmiz və dərindən səslənməsi Motsartın musiqisini daha canlı, daha səmimi, daha ilhamverici və daha müasir edəcək.
Saat 20:00-da başlayacaq konsertin təşkilatçısı “Ars Caspia” (latınca “Xəzər incəsənəti”) şirkətidir.
“Motsart axşamı”nda “Ars Caspia Ensemble” (Renata Abubekirova – birinci violin, Yuliya Motorina – ikinci violin, Aleksey Miltıx – violonçel, Rəna Rəhimova – viola, Rəvan Əhmədzadə – kontrabas) çıxış edəcək.
Proqramda V.A.Motsartın “Kiçik gecə serenadası”, “Divertismentlər” (F-Dur, D-Dur, B-Dur), “Sehrli fleyta” operasından “Gecə kraliçasının ariyası”, “Simli kvartet №4” (C-dur, K.157) əsərləri yer alıb.
Biletlər artıq satışdadır.


















