4-6 noyabr tarixlərində Qətərin paytaxtı Dohada Birləşmiş Millətlər Təşkilatının (BMT) 30 ildən sonra ikinci dəfə təşkil etdiyi Dünya Sosial Sammiti (Sosial İnkişaf üzrə Dünya Sammiti) keçirilib.
Bu, 1995-ci ildə Kopenhagen şəhərində (Danimarka) keçirilmiş Dünya Sammitindən sonra BMT-nin sosial inkişaf üzrə ikinci ən böyük toplantısıdır. 30 il əvvəlki sammitdə "Sosial inkişaf üzrə Kopenhagen Bəyannaməsi" qəbul edilmişdi.
Doha sammitində 200-dək ölkədən 8 mindən çox qonaq, o cümlədən dövlət və hökumət başçıları, nazirlər, alimlər, BMT-nin təmsilçiləri, müxtəlif beynəlxalq və regional qurumların, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri iştirak ediblər.
Azərbaycan Prezidentinin tapşırığı ilə sammitdə ölkəmizi Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Heyətdə Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, ölkəmizin Qətər Dövlətindəki səfiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, Nazirlər Kabineti və Xarici İşlər Nazirliyinin məsul vəzifəli şəxsləri yer alıb.
Baş nazirin müavini S.Şərifov sammitin plenar iclasında çıxış edib. O, Azərbaycanda Kopenhagen Bəyannaməsi üzrə sosial sahədə nəzərdə tutulan öhdəliklərin icrası barədə məlumat verib, sosial inkişaf məsələləri üzrə beynəlxalq əməkdaşlığa yaxından qoşulduğunu, bir çox inkişafda olan ölkələrə təhsil, səhiyyə və humanitar sahədə yardım göstərdiyini bildirib. O, həmçinin bu ölkələrlə sosial və dövlət xidmətlərinin xüsusi yaradılmış mərkəzlər vasitəsilə əhaliyə effektiv xidmət göstərilməsində Azərbaycanın uğurlu təcrübəsini bölüşdüyünü, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bəyan edib.
Baş nazirin müavini, 2024-cü ildə Bakıda keçirilmiş Qlobal İqlim Konfransı (COP29) çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafına dair Bakı Rəhbər Prinsiplərinin qəbul edildiyini qeyd edərək, 2026-cı ildə Bakıda həmin prinsiplərin gerçəkləşdirilməsi məqsədilə 13-cü Dünya Şəhərsalma Forumunun (WUF13) və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının növbəti illik sessiyasının keçirilməsinə ölkəmizin ev sahibliyi edəcəyini bildirib.
Azərbaycan nümayəndə heyəti sammit çərçivəsində keçirilmiş “Aclıq və Yoxsulluğa qarşı Qlobal Alyansı”ın birinci iclasında, “Sosial inkişafın üç sütununun gücləndirilməsi: yoxsulluğun aradan qaldırılması, tam və məhsuldar məşğulluq və hamı üçün layiqli əmək və sosial inteqrasiya” mövzusunda dəyirmi masada iştirak edib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sammitdə çıxışında işğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura qayıdan sakinlərin mərhələli şəkildə köçürülməsi və lazımi infrastruktura malik dayanıqlı şəhərlərin yaradılmasından bəhs edib.
BMT-nin "2030 Dayanaqlı İnkişaf Gündəliyi"nin reallaşdırılmasına, xüsusilə də sosial inkişaf gündəliyinin təşviqinə həsr olunan sammitdə “Doha Siyasi Bəyannaməsi” qəbul edilib.
Bəyannamədə bir sıra aktual məsələrlə yanaşı, dünyada rəqəmsal imkanlara əlçatanlığın qeyri-bərabər inkişaf etdiyi diqqətə çatdırılır. "Hazırda milyardlarla insanın rəqəmsal infrastrukturu və internetə çıxışı yoxdur. Ölkə daxilində və ölkələr arasında rəqəmsal uçurumlar, xüsusən də kənd yerlərində və ucqar bölgələrdə daha ciddidir. Dünyada zəif inkişaf etmiş ölkələr, kiçik ada dövlətləri də bu imkanlara daha az bağlıdır", – deyə sənəddə bildirilir.
Vüqar Orxan






















