Xətai Sənət Mərkəzində tariximizin şanlı salnaməsi olan Vətən müharibəsinin 5-ci ildönümü, 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər – 44” adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılıb.

Mərkəzdən bildirilib ki, təsviri sənət qabiliyyətli yeniyetmə və gənclər arasında müsabiqə Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzinuin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Xətai Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin dəstəyi ilə keçirilib.

Tədbirdə çıxış edənlər müsabiqənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, müsabiqə əsərlərin qəbulu oktyabrın 25-dək davam edib. Ölkəmizin müxtəlif bölgələrindən ümumilikdə 800-dən çox əl işi daxil olub. Bu əsərlərdə yeniyetmə və gənclər torpaqlarımızın işğal şəraitindəki vəziyyəti, qələbədən sonrakı quruculuq işləri, qələbənin yaratdığı əhval-ruhiyyə, ordumuzun rəşadəti, xalqımızın döyüş ruhu, həmçinin xalq və ordu həmrəyliyini hiss etdirən təsviri sənət nümunələri təqdim ediblər.

Təqdim olunmuş əsərlər arasından 44 əl işi yekun sərgi üçün seçilib.

Əsəri sərgilənən iştirakçılara sertifikat təqdim olunub.