Türkiyənin paytaxtı Ankarada Azərbaycanın İkinci Qarabağ müharibəsində şanlı qalibiyyətinin 5-ci ildönümü, 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Azərbaycan səfirliyinin noyabrın 5-də təşkil etdiyi tədbirdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri millət vəkili Şamil Ayrım, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un sabiq baş katibi Düsen Kaseinov və başqa qonaqlar, Azərbaycan və Türkiyə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Rəşad Məmmədov Vətən müharibəsində qardaş ölkənin Azərbaycana dəstəyini vurğulayıb: "Bu gün dünyada heç bir güc, heç bir ölkə Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına xələl gətirə bilməz. Buna nə gücü, nə də cəsarəti yetər. Çünki bu, tarixin sınaqlarından keçib gələn qardaşlıqdır. Bu gün Azərbaycan və Türkiyənin müttəfiqliyi, Qafqazın qəlbi ilə Anadolunu ruhunu birləşdirməklə, sadəcə regional əməkdaşlığa deyil, bütün Türk dünyasının gələcəyinə, sülhə, sabitliyə ən böyük töhfə verməkdədir".
Nazir Yaşar Gülər mərasimdə çıxış edərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Qarabağ zəfərinin ildönümü münasibətilə salam və təbriklərini çatdırıb, şəhidləri rəhmətlə anıb, qazilərə cansağlığı diləyib: "Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür. İki ölkə arasındakı qardaşlıq köklü keçmişin mirası ilə bu günümüzü anlamlı tutmaqda, eyni zamanda gələcəyimizə dair birliyimizi təsdiqləməkdədir".
Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında daimi sülhün yaranması üçün atılan addımlar Qafqazda təhlükəsizlik və sabitliyin inkişafı üçün mühüm fürsətdir: "Bu istiqamətində son vaxtlar atılan addımları məmnuniyyətlə qarşılayırıq. Bu addımlar Qafqaz regionunda təhlükəsizlik və sabitlik, inkişaf üçün mühüm fürsətdir. Türkiyə olaraq hər şərtlərdə Azərbaycanla həmrəylikdə olmağa davam edirik. Bölgəmizdə sülhün və sabitliyin davamlılığı istiqamətində fəaliyyətimiz hər zaman birlikdə davam edəcək".
Tədbirin bədii hissəsində incəsənət xadimlərinin, o cümlədən Türkiyədə yaşayan tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti İslam Manafovun ifaları təqdim olunub.
Mehparə Sultanova
Ankara























