Tarixdəki olaylar

 

6 noyabr 1926 – Azərbaycan Radiosu fəaliyyətə başlayıb. Bakıda ilk radiostansiyanın verilişlərinin gündəlik efir vaxtı 2 saat təşkil edirdi. 1956-cı il fevralın 14-də Bakı Televiziya studiyası fəaliyyətə başladı. 6 noyabr Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür.

 

6 noyabr 2005 – Üçüncü çağırış Milli Məclisə seçkilər keçirilib. 2002-ci ildə Konstitusiyaya edilmiş dəyişikliklərə əsasən, seçkilər yalnız majoritar sistem (125 birmandatlı dairə) üzrə keçirilib. İlk dəfə olaraq Xankəndi dairəsi üzrə də seçki keçirilmişdi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

6 noyabr 1814 – Belçikalı musiqi aləti ustası, saksofonun yaradıcısı Adolf Saks (Antoine-Joseph (Adolphe) Sax; 1814–1894) anadan olub.

 

6 noyabr 1931 – Şair, nasir Tofiq Mahmud (Tofiq Mahmud oğlu Mehdiyev; 1931-1997) Naxçıvan MR Şahbuz rayonunda doğulub. Uşaq və gənclər üçün əsərlərin müəllifidir.

 

6 noyabr 1974 – Şair-dramaturq, tərcüməçi İslam Əhməd oğlu Səfərli (12.2.1923 – 1974) vəfat edib. Sözlərinə populyar mahnılar bəstələnib. “Göz həkimi”, “Ana ürəyi”, “Yolayrıcı” və s. pyeslərin müəllifidir.

 

6 noyabr 2009 – Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 28.4.1914 – 2009) vəfat edib. Əsərləri: “Şimal küləyi”, “Dəniz qapısı” və s. “Kölgələr sürünür”, “Yenilməz batalyon” filmlərinin ssenarisini yazıb.

Hazırladı: Vüqar Orxan