Antalyada keçirilən Azərbaycan Mədəniyyət Elçiləri Forumu çərçivəsində noyabrın 4-də "Mədəniyyət elçiləri" rəqəmsal portalının (www.azcultureglobal.org) təqdimatı keçirilib.
Azərbayacan mədəniyyət elçiləri platformasının rəqəmsal portalı Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşəbbüsü ilə hazırlanıb.
Mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında bildirib ki, bu portal vasitəsilə mədəniyyət elçiləri elektron şəkildə əlaqələndiriləcək, ortaq layihələrin icrası və qarşılıqlı əməkdaşlıq asanlaşdırılacaq: “Hər bir xaricdə yaşayan soydaşımız öz fərdi kabinetinə daxil olaraq ümumi məlumatlara, hər ölkədə təşkil olunan mədəniyyət layihələrinə, keçirilən tədbirlərə və digər yeniliklərə çıxış əldə edə biləcək. Portal həmçinin Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən layihələrlə bağlı davamlı məlumat mübadiləsini təmin edəcək”.
Onun sözlərinə görə, bu sistemin tətbiqi Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda koordinasiyalı şəkildə tanıdılmasına, eləcə də xaricdə yaşayan soydaşlarımız arasında mədəni həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək.
Nazir ümumilikdə forumun vacibliyindən danışıb. Bildirib ki, forumda 40-dan çox ölkədən 200-dən artıq mədəniyyət xadimi iştirak edir: “Mədəniyyət sahəsində yeniliklərin müzakirəsi, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təqdim olunması istiqamətində ortaq yanaşmanın formalaşdırılması forumun əsas məqsədidir. Bütün bu işlərin vacib hissəsi mədəniyyət xadimlərimizin, xaricdə və Azərbaycanda yaşayan soydaşlarımızın fəaliyyətinə dəstək vermək və onların imkanlarından istifadə edərək Azərbaycan mədəniyyətini dünyada daha geniş təqdim etməkdir”.
Qeyd edək ki, yeni portal Azərbaycan mədəniyyətini dünyada birləşdirən və tanıdan vahid qlobal şəbəkə rolunu oynayır. Layihənin məqsədi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı mədəniyyət nümayəndələrini vahid rəqəmsal məkanda bir araya gətirmək, onların fəaliyyətini əlaqələndirmək və beynəlxalq əməkdaşlıqları təşviq etməkdir.
Platforma vasitəsilə hər bir mədəniyyət elçisi öz fəaliyyəti, layihələri və tədbirləri barədə məlumat paylaşa biləcək. Portalda həmçinin interaktiv xəritə, tədbir təqvimi, axtarış sistemi və analitik hesabat bölməsi mövcuddur. Rəqəmsal sistem Azərbaycan mədəniyyətinin qlobal səviyyədə tanıdılması, eləcə də yaradıcılıq potensialının koordinasiyalı şəkildə təqdim olunması məqsədinə xidmət edir.
***
Tədbir çərçivəsində həmçinin Niderlandda yaşayan soydaşımız Sevinc Əliyevanın ideya müəllifi və rəhbəri olduğu “Milli dilli” layihəsinin – millidilli.eu veb-səhifəsinin təqdimatı keçirilib.
O, xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlar üçün nəzərdə tutulan layihənin məqsədləri və gələcək inkişaf istiqamətləri haqqında məlumat verib. Videoçarx nümayiş olunub.
Layihə çərçivəsində Azərbaycan dili ilə yanaşı, tariximizin, zəngin mədəniyyətimizin də tədrisi planlaşdırılır.























