Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan incəsənətində vətənpərvərlik mövzusu” adlı elmi-praktik seminar keçiriləcək.
Mərkəzdən verilən məlumata görə, 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin 5-ci ildönümünə həsr olunan seminar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşacaq.
Seminarın məqsədi incəsənətdə vətənpərvərlik mövzusunun bədii ifadə vasitələrinin öyrənilməsi, müasir yaradıcı nəsil üçün aktual istiqamətlərin müəyyənləşdirilməsidir.
Tədbirdə incəsənətin müxtəlif istiqamətlərində vətənpərvərlik ideyasının tərənnümü, milli-mənəvi dəyərlərin qorunmasında sənətin rolu, eləcə də son illərdə Vətən müharibəsinə həsr olunan əsərlərin cəmiyyətə təsiri məsələləri müzakirə ediləcək.
Seminar çərçivəsində BMM-nin foyesində Dövlət Rəsm Qalereyası tərəfindən mövzu ilə bağlı rəsm sərgisi də təşkil olunacaq.
Tədbirdə sənətşünas-alimlər, yaradıcı gənclər, təhsil müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulur.



















