Azərbaycan Milli Kitabxanası iyulun 3-də “Kitabxana resurslarının elektron kataloqlaşdırılması: MARC 21 formatı əsasında biblioqrafik yazının yaradılması texnologiyası” mövzusunda onlayn seminar təşkil edib.
Kitabxanadan bildirilib ki, onlayn seminara Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən kitabxanaların əməkdaşları qatılıb. Seminarın əsas məqsədi kitabxana mütəxəssislərinin elektron kataloqlaşdırma sahəsində nəzəri bilik və praktiki bacarıqlarını artırmaq, beynəlxalq biblioqrafik standartlardan biri olan MARC 21 formatının strukturu, elementləri və tətbiq prinsipləri barədə iştirakçıları məlumatlandırmaq, həmçinin kitabxana resurslarının Koha avtomatlaşdırılmış kitabxana-informasiya sistemində (Koha AKİS) vahid standartlar əsasında düzgün və keyfiyyətli biblioqrafik təsvirinin hazırlanması texnologiyasını öyrətmək olub.
Seminarda biblioqrafik yazının yaradılması prosesinin əsas mərhələləri, məlumat sahələrinin kodlaşdırılması prinsipləri, eləcə də elektron kataloqların formalaşdırılmasında beynəlxalq təcrübənin tətbiqi məsələləri müzakirə edilib.
Tədbir çərçivəsində iştirakçılarla fikir mübadiləsi aparılıb, mövcud problemlər müəyyənləşdirilərək onların həlli istiqamətində metodiki tövsiyələr verilib. Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.





















