Yazıçı Əkrəm Əylisli təxminən altmış il əvvəl yazdığı, ötən il isə ingilis dilində nəşr olunan "Adamlar və ağaclar" trilogiyasına görə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Ədəbiyyat mükafatına (The EBRD Literature Prize) layiq görülüb.
AYİB Ədəbiyyat mükafatı 2018-ci ildə təsis olunub və bankın investisiya qoyduğu ölkənin ana dilində yazılmış, Avropa, Şimali Amerika və ya bankın fəaliyyət göstərdiyi ölkənin nəşriyyatı tərəfindən ingilis dilində çap olunmuş əsərlərə verilir.
2026-cı ildə müsabiqənin finalında üç müəllif yarışıb: Əkrəm Əylislinin "Adamlar və ağaclar"ı ilə yanaşı polşalı yazıçı Yacek Dukayın "Buz" romanı və misirli yazıçı Şadi Lyuisin "Qrinviç xəttində" kitabı da mükafata namizəd olub.
"Əyislinin çoxlu avtobioqrafik məqamların da yer aldığı "Adamlar və ağaclar" trilogiyasında İkinci Dünya müharibəsi illərində, kişilərin əksəriyyətinin cəbhəyə yollandığı və ağır işlərin, eləcə də sağ qalmaq qayğısının qadınların çiyinlərinə düşdüyü bir dövrdə sovet Azərbaycanının dağ kəndindəki həyatından bir oğlan uşağının gözü ilə bəhs edilir”, – deyə BBC News bu barədə xəbərində bildirir.
Məlumatda qeyd olunur ki, mükafatın münsiflər heyəti azərbaycanlı yazıçının "üçüncü şəxsin adından ustadlıqla qurulmuş nəql etmə manevrini" yüksək qiymətləndirib: "burada uşaq, öz sadəlövhlüyü ilə mənasını çətinliklə dərk etdiyi yetkinlərin ehtiraslarını və cinayətlərini üzə çıxarır".
Xatırladaq ki, Əkrəm Əylislinin "Adamlar və ağaclar” trilogiyasının ilk povesti – “Mənim nəğməkar bibim” 1968-ci ildə nəşr olunub və müəllif Azərbaycan Lenin Komsomolu mükafatına layiq görülüb. Digər iki povest – “Tənha narın nağılı” və “Adamlar və ağaclar” 1970-ci ildə çap olunub. Sonralar trilogiya (“Adamlar və ağaclar”) bir neçə dəfə nəşr olunub, həmçinin Moskvada rus dilində (1985) işıq üzü görüb.
Amerikalı tərcüməçi Ketrin E. Yanq (Katherine E. Young) trilogiyanı rus dilində nəşrdən ingilis dilinə çevirib. O, 2025-ci ildə Bakıya gələrək müəlliflə görüşüb. Kitab “Plamen Press” nəşriyyatı (Vaşinqton) tərəfindən çap olunub.
Münsiflər heyətinin sədri, tanınmış britaniyalı yazıçı və ədəbi tənqidçi Maya Yaqqi bildirib ki, "Ketrin E. Yanqın kitabın rus dilində mətnindən etdiyi parlaq tərcümə, qoz və nar dadı ilə zəngin, amansız, lakin eyni zamanda sehrli bir uşaqlığı yenidən canlandıraraq gizli bir dünyanı təqdim edir".
AYİB Ədəbiyyat mükafatının məbləği 20 min avro təşkil edir və o, müəllif və tərcüməçi arasında bərabər bölünəcək. Finala qalmış digər iki əsərin müəllifləri və tərcüməçiləri də hərəyə 2 min avro alacaqlar.
Mükafat barədə xəbəri alandan sonra BBC-yə danışan Əkrəm Əylisli deyib: "Qərb dünyasının mənim altmış il əvvəl yazdığım kitabıma göstərdiyi diqqət mənim üçün gözlənilməz və sevindirici bir hadisədir. Lakin eyni zamanda bu, Azərbaycan ədəbiyyatının gücünün sübutudur".
Yada salaq ki, Əkrəm Əylislinin 2012-ci ildə Moskvada rus dilində “Drujba narodov” jurnalında çap olunan "Daş yuxular" romanı Azərbaycan cəmiyyətində və ədəbi mühitində kəskin narazılıq və hiddət doğurub, müəllif “Xalq yazıçısı” fəxri adından və digər titullardan məhrum edilib.






















