“Mənim evim” sənədli film layihəsi CHANGE 2025–2026 birgə istehsal (co-production) təlim proqramına seçilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yaydığı məlumata görə, təlimlər bu ilin noyabrın 8-dən 12-dək, 2026-cı il yanvarın 14-dən 18-dək Moldovada, gələn ilin martında isə Danimarkada təşkil olunacaq.
“Mənim evim” sənədli filmi layihəsi bu il CHANGE proqramına Azərbaycandan seçilən yeganə layihədir. Layihə dram janrında, proses xarakterli müşahidə üslubundadır və hazırda inkişaf mərhələsindədir. Layihənin ssenari müəllifi və rejissoru Ülviyyə Əhmədova, prodüseri Nicat Dadaşov, bəstəkarı Azər Hacıəsgərlidir.
75 dəqiqə xronometrajı nəzərdə tutulan film layihəsi 1989-cu ildə evini tərk etmiş Vəlinin 36 il sonra öz evini və ailəsinin məzarını görmək üçün çıxdığı səyahətdən bəhs edir.
Xatırladaq ki “Mənim evim” layihəsi bu il AKİDocs layihəsinin qaliblərindən biri olub və Sarayevoda keçirilən nüfuzlu WARM Festivalı çərçivəsində təşkil olunan “WARM Academy” proqramında iştirak edib. AKİ layihəyə maliyyə dəstəyi ayırıb.
CHANGE proqramı CPH:DOX, EAVE (European Audiovisual Entrepreneurs) və IMS (International Media Support) tərəfindən təşkil olunur. Proqram Avropa və Şərq Tərəfdaşlığı ölkələrindən olan kinorejissor və prodüserlərə layihələrini beynəlxalq səviyyədə təqdim etmək, qlobal kino sənayesi ilə əlaqələr qurmaq və regional birgə istehsalları təşviq etmək imkanı yaradır.
“Mənim evim” komandası proqram çərçivəsində co-prodakşın təlimləri seriyasında iştirak edəcək.



















