Respublika Uşaq Kitabxanasında Bakı şəhəri 218 nömrəli tam orta məktəbin 2-ci, 3-cü və 4-cü sinif şagirdlərinin iştirakı ilə onların yaradıcılıq qabiliyyətinin inkişafına yönəlmiş ustad dərsi (30 oktyabr) təşkil olunub.

Uşaqlar gipsdən hazırlanmış müxtəlif fiqurları rəngləyib, yaradıcılıq bacarıqlarını nümayiş etdirərək fərqli bədii kompozisiyalar ərsəyə gətiriblər.

Sonra məktəblilər kitabxananın kiçik oxu zalında yeni nəşrlərlə və 3D formatlı kitablarla tanış olublar. Uşaqlar kitabxananın təşəbbüsü ilə hazırlanmış kitab haqqında animasiya filminə də baxıblar.

Sonda xatirə şəkilləri çəkdirilib, uşaqlara xoş təəssürat bəxş edən gün yüksək əhval-ruhiyyə ilə yekunlaşıb.

Tədbirin keçirilməsində əsas məqsəd uşaqlarda estetik zövqün formalaşdırılması, bədii yaradıcılıq düşüncəsinin inkişaf etdirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili və kitabxana mühitinə marağın artırılması olub.