Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin 1-ci Forumu noyabrın 3-də panel müzakirələrlə davam edib.

Azərbaycanın Əməkdar artisti, pianoçu, professor, Nyu-Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri Nərgiz Əliyarovanın moderatorluğu ilə “Mədəniyyət sahəsində beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi: əməkdaşlıq imkanları və perspektivlər” adlı sessiya təşkil olunub.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında deyib ki, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması və gənc nəsillərə çatdırılması üçün xarici təcrübələrin öyrənilməsi vacibdir. O, həmçinin xaricdəki mədəniyyət elçilərinin fəaliyyətinin stimullaşdırılmasının mədəni diplomatiyanın güclənməsinə töhfə verdiyini vurğulayıb.

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov bildirib ki, kino və vizual sənət sahəsində beynəlxalq əməkdaşlıq imkanları genişdir və Azərbaycan kino sənətinin xaricdə təbliği üçün yeni layihələrin həyata keçirilməsi prioritet istiqamətlərdəndir.

“Ophrys Art Gallery”nin (Niderland) təsisçisi Cəmilə Orucova diqqətə çatdırıb ki, xaricdə təşkil olunan sərgilər, layihələr və mədəni proqramlar Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün önəmli rol oynayır. O, bu tip tədbirlərin həm də xarici tərəfdaşlarla qarşılıqlı təcrübə mübadiləsi üçün vacib platforma olduğunu qeyd edib.

Mersin Universitetinin (Türkiyə) professoru Toğrul Qəniyev beynəlxalq akademik təcrübələrin Azərbaycana gətirilməsi, mədəni layihələrin elmi əsaslarla inkişaf etdirilməsi və tələbələrin mədəniyyət sahəsində biliklərinin artırılmasının əhəmiyyətini vurğulayıb.

Sessiya zamanı iştirakçılar mədəniyyət sahəsində birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.