Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Bakıya uçuş. İncəsənət həftəsonu” (“Fly to Baku. Art Weekend") festivalı çərçivəsində Azərbaycan Rəssamlıq Akademiyasında “Açıq qapı” günləri təşkil edilib.

Akademiyanın “Rəngkarlıq”, “Qrafika”, “Heykəltaraşlıq”, “Bədii toxuculuq” və “Keramika” emalatxanalarında aparılan dərs prosesi gələn qonaqların böyük marağına səbəb olub. 

Rəngkarlıq ixtisasında gələcək rəssamların plastik poza, natürmort üzərində iş prosesləri qonaqlarda xüsusi təəssürat yaradıb. Heykəltaraşlıq emalatxanasında tələbələrin insan portreti və fiqurlarının yaradılma mərhələlərini izləyən ziyarətçilər adi palçıq, plastilin, gil və daş parçasından sənət əsərinin formalaşmasını müşahidə ediblər.

Qrafika ixtisasında aparılan dərs prosesi, tələbələrin müxtəlif texniki üsullarla işlədiyi işlər, eləcə də kağız, ağac, metal və daş üzərində hazırlanmış rəsmlər və qravüralar da maraq doğurub.

Rəssamlıq Akademiyasında Azərbaycanın qədim sənəti olan bədii xalçaçılıq, eləcə də bütün dünyada geniş yayılmış qobelen sənəti də tədris olunur. Qonaqlar tələbələrin bir xalça və ya qobelenin hazırlanma prosesini mərhələ-mərhələ izləyiblər.

Keramika emalatxanasında isə tələbələrin iş prosesi və yaradıcı yanaşmaları izləyicilərdə xoş təəssürat oyadıb.

“Açıq qapı” günlərinə gələnlərin əksəriyyətinin məktəblilər və yeniyetmələrdən ibarət olması onların bu ixtisaslara olan maraq və həvəsinin göstəricisidir.

Layihə gənc nəsildə incəsənət sevgisinin, yaradıcılıq düşüncəsinin və estetik zövqün formalaşmasına töhfə verən əlamətdar hadisə kimi yadda qalacaq.