Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xalq artisti Məmmədbağır Bağırzadənin (1950–2005) 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Baş İdarədən verilən məlumata görə, Maştağa qəsəbəsindəki Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində təşkil olunan təbirdə aparıcı Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi sənətkarın həyat və yaradıcığından söz açıb. Bu il həmçinin Məmmədbağır Bağırzadənin ustadı Xalq artisti Əlibaba Məmmədovun (1930–2022) 95 illik yubileyi olduğu diqqətə çatdırılıb və onların sənət fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.
Tədbirdə Xalq artistləri – müğənni Nazpəri Dostəliyeva, xanəndə Teyyub Aslanov, Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov, tanınmış müğənni Rövşən Əziz, Beynəlxalq Muğam Mərkəzinin solisti Hüseyn Məlikov , xanəndə Tural Salmanov, şair Ramiz Abdullayev və digər qonaqlar çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Məmmədbağır Bağırzadə gözəl ifası hər bir mahnıya öz dəsti-xəttini həkk etdirib, neçə-neçə Azərbaycan şairinin qəzəl və şeirinə musiqi həyatı verib. Sənətkarın xatirəsinin xalqımız tərəfindən daim hörmətlə anıldığı vurğulanıb.
Xalq artistinin oğlu Rahim Bağırzadə tədbirin təşkilində əməyi keçənlərə və atasının xatirə işığına toplaşmış hər kəsə minnətdarlığını bildirib.
Sənətçilərin ifasında Məmmədbağır Bağırzadənin yaradıcılığından mahnılar səslənib.
























