Tarixdəki olaylar
3 noyabr 1921 – Rusiya K(b)P Mərkəzi Komitəsi Qafqaz Bürosunun plenumu Azərbaycan, Ermənistan və Gürcüstanın federasiyasının yaradılması barədə qərar qəbul edib. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası 1922-ci ildə yaradıldı və SSRİ-nin təsisçilərindən biri oldu. ZSFSR 1936-cı ilədək fəaliyyət göstərdi və həmin il qəbul edilən yeni Konstitusiyaya əsasən, Azərbaycan, Ermənistan və Gürcüstan SSRİ-nin müttəfiq respublikalarına çevrildilər.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
3 noyabr 1797 – Rus yazıçısı Aleksandr Aleksandroviç Bestujev-Marlinski (1797 – 19.6.1837) anadan olub. Qafqaza sürgün olunub. Azərbaycan xalq qəhrəmanın həyatından bəhs edən “Molla Nur” povestini yazıb.
3 noyabr 1801 – İtalyan bəstəkarı Vinçenso Bellini (Vincenzo Salvatore Carmelo Francesco Bellini; 1801 – 23.9.1835) anadan olub. Operaları: “Norma”, “Somnambula” və s.
3 noyabr 1869 – Rus şərqşünası, akademik Vasili Vladimiroviç Bartold (1869 – 19.8.1930) anadan olub. “Kitabi-Dədə Qorqud”un bəzi boylarını rus dilinə tərcümə edib.
3 noyabr 1943 – Tiflis Azərbaycan teatrının ilk peşəkar aktyorlarından olmuş Mirzəli (Əlibala) Hacı Abbas oğlu Abbasov (1870–1943) vəfat edib. Tamaşalara quruluş verib, pyeslər yazıb. Gürcüstanın Əməkdar artisti olub.
3 noyabr 1983 – Görkəmli aktyor, Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (22.3.1913 – 1983) vəfat edib. Dövlət Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında çalışıb. Filmlərdə yaddaqalan obrazlar yaradıb.
3 noyabr 1997 – Əməkdar artist Zemfira Nəriman qızı Quliyeva (23.11.1937 – 1997) vəfat edib. 1963-cü ildən Musiqili Komediya Teatrında çalışıb.
3 noyabr 2007 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Böyükağa Məşədi oğlu Mirzəzadə (21.2.1921 – 2007) vəfat edib. Tematik tablolar, portret janrında uğurlu nümunələr yaradıb, teatr tamaşalarına bədii tərtibat verib.
3 noyabr 2024 – Amerikalı bəstəkar və prodüser, 28 dəfə “Qremmi” mükafatçısı Kuinsi Cons (Quincy Jones; 14.3.1933 – 2024) vəfat edib.
Hazırladı: Vüqar Orxan























